1998-ci ildən etibarən 16 Aprel Dünya Səs Günü kimi qeyd olunur. Bu günün keçirilməsinin əsas məqsədi ictimaiyyətə səsin insan həyatındakı vacibliyini və əhəmiyyətini çatdırmaq, səsdə yarana biləcək problemlər və bu problemlərin müalicə-proflaktik həlli prinsipləri haqqında məlumat verməkdir.
2015-ci ildən etibarən ölkəmiz də Dünya Səs Günü Azərbaycan milli koordinatoru institumuzun ototinolarinqologiya kafedrasının dosenti Ramil Həşimlinin rəhbərliyi ilə bu qlobal platformaya üzv olmuş və hər il bu gün münasibətilə müxtəlif tədbirlər keçirilmişdir. Bu il ilk dəfə olaraq 16 Aprel Ümumdünya Səs Günündə “Şuşanin səsi-Azərbaycanın səsi” mövzulu təqdimat/ konsert Şuşa şəhərində keçirildi.
Tədbir iştirakçılar tərəfindən Azərbaycan Respublikasının himninin oxunması və şəhidlərimizin xatirəsinə bir dəqiqəlik sükutla açıldı.
Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Lalə Hüseynova açılış nitqi ilə “Şuşa muğam sənəti nümayəndələri” haqda məruzə ilə çıxış etdi. Sonra dünya şöhrətli səs tədqiqatçısı səsin akustikası üzrə tədqiqatçı, elmlər doktoru, İsveç Kral Texnologiya İnstitutunun fəxri professoru, Ümumdünya Səs Günü layihəsinin əsas təşəbbüskarı və təşkilatçısı Yohan Sundberqin tədbir iştirakçılarını salamladı. Tədbirin elmi hissəsində Azərbaycan Milli Konservatoriyası nəzdində Səsin Tədqiqi Elmi Laboratoriyasının rəhbəri, soprano, vokal pedaqoq, səs elmi (voice science) üzrə tədqiqatçı Aleksandriya Sultan von Brüseldorff “Azərbaycan muğam ifaçılarının (xanəndələrinin) səs aparatının akustik və fizioloji xüsusiyyətlərinin tədqiqi”, etnomusiqişünas-alim, AMK-nın professoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, UNESCO yanında Ənənəvi Musiqi üzrə Beynəlxalq Şuranın (ICTM) üzvü Fəttah Xalıqzadə “Şuşanın təbiəti, səsləri və oxuma mədəniyyəti”, muğam üzrə tədqiqatçı-alim, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, UNESCO yanında Ənənəvi Musiqi üzrə Beynəlxalq Şuranın (ICTM) üzvü Sənubər Bağırova “Qarabağ xanəndəlik sənətinə dair bəzi mülahizələr”, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu otorinolarinqologiya kafedrası Foniatriya laboratoriyasının rəhbəri dosent, tibb üzrə fəlsəfə doktoru Ramil Həşimli “Azərbaycan muğam xanəndəlik sənəti foniatrik tədqiqatlarda” mövzulu elmi təqdimatlarla çıxış etdilər.
Xanəndə, Azərbaycanın əməkdar artisti, AMK-nın baş müəllimi, Azərbaycan Dövlət Televiziyası və Beynəlxalq Muğam Mərkəzinin solisti Bəyimxanım Vəliyeva, Beynəlxalq Muğam Mərkəzinin solisti kamança ifaçısı Ceyhun Muradov, Azərbaycan Milli Konservatoriyasının müəllimi, Beynəlxalq Muğam Mərkəzinin solisti tarzən Rövşən Qurbanovdan ibarət muğam triosu bir-birindən gözəl musiqi nömrələri ilə tədbirə rəng qatdılar.
İştirakçılar gələcəkdə Şuşada daha böyük elmi tədbirlərin keçirilməsi haqda arzularını dilə gətirdilər.