Pasiyentlərin təhlükəsizliyi və onlara keyfiyyətli tibbi yardım göstərilməsi – səhiyyə xidmətləri sistemində səmərəliliyi artırmağın ən mühüm şərtidir. Bununla belə, Ümumdünya Səhiyyə Təşkilatı hər il tibbi yardım göstərilməsi zamanı təhlükəsizlik qaydalarına əməl olunmaması səbəbindən dünyada milyonlarla pasiyentin zərər görməsini xüsusi qeyd edir. 2019-cu ilin may ayında Ümumdünya Səhiyyə Assambleyasının (DSA) 72-ci sessiyasında Dünya Pasiyent Təhlükəsizliyi Günü təsis edilmişdir. DSA-nın 2021-ci ildə keçirilmiş 74-cü iclasında isə 2021-2030-cu illəri əhatə edən və 7 əsas strateji hədəfi özündə birləşdirən Pasiyent Təhlükəsizliyi üzrə Qlobal Fəaliyyət Planı qəbul edilmişdir. Fəaliyyət planına əsasən dünyada bütün ölkələrdə pasiyentlərin təhlükəsizliyinə dair geniş tədbirlərin həyata keçirilməsi tövsiyə olunur.
7 fevral 2023-cü il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İSİM-də “Pasiyent təhlükəsizliyi: Qlobal fəaliyyət planı və milli prioritetlər” mövzusunda konfrans təşkil olmuşdur. Konfransda Səhiyyə Nazirliyi, TƏBİB və ölkədə fəaliyyət göstərən digər tibb müəssisələrindən nümayəndələr iştirak etmişlər.Ölkədə pasiyent təhlükəsizliyi məsələləri nəzərə alınmaqla tibb müəssisələri üçün akkreditasiya standartların hazırlanması məsələsi xüsusi vurğulanmışdır ki, bu da pasiyentlərin təhlükəsizliyi üzrə mədəniyyətin formalaşdırılması, tibb işçilərinin səhvlərinin sayının azaldılması istiqamətində peşəkarlığının artırılmasında mühüm rol oynayır.Bundan əlavə, konfransda “Antibiotiklərə rezistentlik: qlobal çağırışlar və milli tədqiqatın nəticələri”, “Cərrahi müdaxilələrdə pasiyent təhlükəsizliyinin prioritet istiqamətləri”, “Qan komponentlərinin transfuziyalarında pasiyent təhlükəsizliyi”, “Ana sağlamlığının mühafizəsi və ana ölümlərinin profilaktikası” mövzularına dair geniş məlumatlarla təqdimatlar dinlənilmişdir.
Konfransda pasiyent təhlükəsizliyinə dair tibb işçilərinin bilik və bacarıqların artırılması məsələlərinin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun bütün kafedralarının tədris proqramında yer alması xüsusi vurğulanmışdır.
Konfransda Ə.Əliyev adına ADHTİ-nin pediatriya kafedrasının dosenti Mətanət Qaraxanova və terapiya kafedrasının assistenti Gülnarə Nurməmmədova iştirak etmişlər.