Bakıda “Azərbaycan Otorinolarinqologiya Cəmiyyəti" və “Mərkəzi və Qərbi Asiya Qulaq-burun-boğaz və Baş-boyun Cərrahiyyəsi Birliyi”nin 1-ci Beynəlxalq konqresi keçirilmişdir

03.09.2022

Azərbaycan otorinolarinqologiyasının şanlı tarixi var. Uzun illər SSRİ-nin tərkibində hər bir respublikada yaradılmış və daha çox təmsilçilik funksiyası yerinə yetirən tibbi cəmiyyətlərdən biri olan otorinolarnqologiya cəmiyyəti ölkəmiz müstəqillik qazandıqdan sonra yeni reallıqlara cavab verməkdə çətinlikllər yaşadıgina görə yeni, tam müstəqil və dünya elmi cəmiyyətlərinə inteqrasiya edən bir qüruma ehtiyac yarandı. Aparılan hazırlıq işlərindən sonra 2019-cu ildə “Azərbaycan otorinolarinqologiya cəmiyyəti” ictimai birliyi rəsmi qeydiyyatdan keçdi və fəaliyyətə başladı. Cəmiyyət qısa müddət ərzində “Dünya Qulaq-burun-boğaz cəmiyyətləri konfederasiyası”, “Avropa Otorinolarinqologiya Konfederasiyası”, “Mərkəzi və Qərbi Asiya Qulaq-burun-boğaz və Baş-boyun Cərrahiyyəsi Birliyi”nin üzvü seçilib ölkəmizi həmin qurumlarda layiqincə təmsil edir.
02-03 sentyabr 2022-ci il tarixində Bakıda “Azərbaycan Otorinolarinqologiya Cəmiyyəti" (AOC) və “Mərkəzi və Qərbi Asiya Qulaq-burun-boğaz və Baş-boyun Cərrahiyyəsi Birliyi (СASOS)”nin 1-ci Beynəlxalq konqresi keçirilmişdir. Konqresin elmi proqramı otorinolarinqologiyanın müxtəlif aktual problemlərinə həsr olunmuş 4 kurs və 13 elmi paneldən ibarət idi ki, burda da Azərbaycan, ABŞ, Türkiyə, Polşa, İran, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan dövlətlərindən ümumilikdə 65 məruzəçi öz elmi işlərini təqdim etdilər. Konqresin işində iştirak etmək üçün 350-ə yaxın yerli və xarici otorinolarinqoloq qeydiyyatdan keçmişdir.
2 Sentyabr 2022-ci il tarixində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun akt zalında konqresin açılışı baş tutdu.
Azərbaycanın ərazi bütövlüyü üçün canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikası Dövlət himni səsləndirildi.
Konqresi giriş sözü ilə təşkilat komitəsinin sədri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru professor Nazim Qasımov açaraq bildirdi ki, bu gün səhiyyə sisteminin modernizasiyası və innovasion inkişafı şəraitində istifadə edilən tibbi texnologiyaların, müasir diaqnostika, müalicə, profilaktika və reabilitasiya metodlarının kliniki, sosial və iqtisadi effektliliyini təmin edə bilən tibbi kadrlara böyük ehtiyac duyulur. Belə yüksəkixtisaslı mütəxəssislərin hazirlanması üçün bütün texniki vasitələrdən və innovasion texnologiyaların verdiyi imkanlardan maksimum yararlanmaq lazımdır. Bunun üçün ölkəmizdə artıq bir neçə ildir tətbiq edilmiş Davamlı Tibbi Təhsil sisteminin fasiləsizliyinin təmin olunması ən vacib məsələlərdəndir. Bu məsələni həll etmək üçün Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda diplomdansonrakı tibb təhsilinin təkmilləşdirilməsi, onun keyfiyyətinin yüksəldilməsi istiqamətində daimi axtarışlar aparılır, təhsilin yeni forma və metodları praktikaya daxil edilir. Qəbul edilmiş konsepsiyanın tam həcmdə işləməsi üçün müxtəlif tibbi ixtisaslar üzrə elmi cəmiyyətlərin rolu böyükdür. Azərbaycan otorinolarinqologiya cəmiyyəti də öz fəaliyyətini bu istiqamətdə qurur və Azərbaycan Respublikasında qulaq-burun-boğaz və baş-boyun xəstəliklərinin profilaktikası, diaqnostikası və müalicəsinin dünya səviyyəsinə çatdırılmasına kömək etmək üçün müxtəlif tədbirlər həyata keçirir. Bu gün işini başlayan beynəlxalq konqresdə də müxrəlif otorinolarinqoloji xəstəliklərin diaqnostikası, müalicəsi və fəsadları haqqında geniş müzakirələr aparılacaq, gələcək işlərin hansı istiqamətdə təşkil olunması haqqında qərarlar veriləcəkdir.
Sonra “Azərbaycan otorinolarinqologiya cəmiyyəti”nin sədri, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun otorinolarinqologiya kafedrasının müdiri professor Nazim Hüseynov çıxış edərək konqresin işinə müvəffəqiyyətlər arzuladı.
Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini Nadir Zeynalov, Azərbaycan Milli Məclisinin deputatları Aydın Mirzəzadə, Türkiyənin Azərbaycandaki səfiri Cahit Bağcı, Türkiyə KBB cəmiyyətinin sədri professor Tayfun Kirazlı,həmin cəmiyyətin baş katibi professor Özgür Yiğit, Qazaxıstan otorinolarinqologiya cəmiyyətinin sədri akademik Rays Tulebayev, Özbəkistan otorinolarinqologiya cəmiyyətinin sədri professor Xalida Şayxova çıxış edərək Türk dövlətləri arasında yaranmış qaşılıqlı əlaqələrin getdikcə daha sıx olması və inkişaf etməsi,dövlətlər arası əlaqələrin genişlənməsinin elmi əlaqələrə də bir başa müsbət təsiri haqqında danışdılar və konqresin işinə müvəffəqiyyətlər arzuladılar.
Konqresin xarici qonaqları arasında “Dünya Qulaq-burun-boğaz cəmiyyətləri konfederasiyası”nın İdarə Heyətinin üzvü professor Metin Önerci, “Türk Qulaq-burun-boğaz və Baş-boyun Cərrahiyyəsi Cəmiyyəti” Qulaq-burun-boğaz tədris məktəblərinin sədrləri, Avropa Larinqologiya Cəmiyyətinin keçmiş sədri professor Ferhan Öz, Polşa, İran, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan və Tacikistandan olan tanınmış otorinolarinqoloqlar yer almışlar. Konqres Azərbaycan həkimlərinin elmi-praktik biliklərinin artırılmasında mühüm rol oynayacaqdır.
Konqres 03 sentyabr 2022-ci il tarixində öz işini panel iclasları ilə davam etdirmişdir. Konqresin bitməsi ilə əlaqədar toplanmış qapanış iclasında Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan Vətən müharibəsində iştirak etmiş həkim-otorinolarinqoloqlara, hal-hazırda pensiyada olan pedaqoq- otorinolarinqoloqlara, xarici məruzəçilərə, konqresin müvəffəqiyyətlə fəaliyyət göstərməsində yaxından əməyi olmuş əməkdaşlara “Azərbaycan otorinolarinqologiya cəmiyyəti”nin xatirə medalı və diplomları təqdim olunmuş, konqres iştirakçılarına isə sertifikatlar verilmişdir.




Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX