Hörmətli həmkarlar!
Hamınızı qarşıdan gələn Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə ürəkdən təbrik edirəm. Qoy yeni il sizə yalnız gözəl, sevincli günlər gətirsin. Süfrəniz həmişə bərəkətli olsun.
2019-cu il arxada qalır. İnstitutumuzun kollektivi bu ildə gərgin işləmiş,bir çox nailiyyətlər qazanmışdır. Beləki, institut tarixində ilk dəfə olaraq keçmiş tədris ilində təhsil almış müdavimlərin sayı 14486 nəfər, ixtisasartırma kurslarının ümumi sayı isə 685 olmuşdur. Onlarla yeni kurslar təşkil edilmiş, tədris prosesində innovasion metodlardan geniş istifadə olunmuş, bütün kafedralarda davamlı tibb təhsili sistemi prinsipləri bərqərar olmuşdur. İnstitutumuzun əməkdaşları dəfələrlə artmış tədris yüklərinin öhdəsindən layiqincə gəlmiş, səhiyyə sisteminin modernizasiyası və innovasion inkişafı şəraitində istifadə edilən tibbi texnologiyaların, müasir diaqnostika, müalicə, profilaktika və reabilitasiya metodlarının effektliliyini təmin edə bilən tibbi kadrlar hazırlığı prosesini müvəffəqiyyətlə davam etdirmişlər.
2019-cu il institutumuzun elmi fəaliyyəti üçün də uğurlu il olmuşdur. Əməkdaşlarımız müxtəlif beynəlxalaq elmi tədbirlərdə ölkəmizi layiqincə təmsil etmiş, 4 monoqrafiya, 10 dərslik, 8 dərs vəsaiti, yüzlərlə elmi məqalələr çap etdirmiş, 2 patent almışlar. Ötən il ərzində əməkdaşlarımız tərəfindən 3 tibb elmləri doktoru, 12 tibb üzrə fəlsəfə doktoru dərəcəsi almaq üçün dissertasiya işləri müvəffəqiyyətlə başa çatdırılmışdır.
Institutumuzun kollektivi ölkə səhiyyəsində gedən uğurlu dəyişikliklərdə də fəal iştirak etmişlər. Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə qəbul olunmuş müxtəlif xəstəliklər üzrə Dövlət Proqramlarının yerinə yetirilməsində, iş yerlərində və bölgələrdə vətəndaşlara tibbi yardımın göstərilməsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmişlər.
Ötən 2019-cu ildə əməkdaşlarımızın gərgin əməyi nəticəsiz qalmamış, institut rəhbərliyi tərəfindən maddi və mənəvi qiymətləndirilmişdir.
Üzümüzə gələn 2020-ci ildə bizi daha böyük işlər gözləyir, əminliklə demək olar ki, dövlətimiz tərəfindən qarşıya qoyulan vəzifələri uğurla və layiqincə yerinə yetirəcəyik.
Bir daha sizi bu gözəl bayramlar münasibətilə ürəkdən təbrik edirəm, hər birinizə cansağlığı, xoşbəxtlik, ailə səadəti arzulayıram.
Ə.Əliyev adına ADHTİ-nin rektoru professor Nazim Qasımov