Diabetik ensefalopatiya və polineyropatiya necə başlayır və nə ilə qurtarır? Preventiv strategiyaların potensial imkanları hansılardır? Belə pasientləri kim müalıcə edir? Bu suallara Özbəkistanda 21-25 oktyabr 2019-cu il tarixində keçirilən “Ekspertlərin diqqət fokusunda klinik təbabətin aktual sualları” simpoziumda açıqlama verilmişdir. Tədbir 700-dən çox endokrinoloq, nevroloq və terapevtlərin iştiraki ilə həftə ərzində Özbəkistanın Daşkənd, Fərqanə, Urgenc və Səmərqənd şəhərlərində həyata keçirilmişdir.
Simpozium çərçivəsində şəkərli diabetli pasientlərdə əsas nevroloji problemlər, komorbidlik probleminə diqqət, onların klinik təzahürləri və gedişat xüsusiyyətləri, müasir diaqnostik meyarlar və terapiya prinsipləri müzakirə edildi.
Simpoziuma ekspert kimi dəvət olunmuş professor S.İ.İsmayılov (Özbəkistan), professor B.N. Mankovskiy (Ukrayna), professor Ş.Ş. Maqzumova (Özbəkistan) ilə yanaşı Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasının müdiri professor V.A.Mirzəzadə özlərinin klinik təcrübələri və ekspert rəyləri ilə paylaşdılar, diabetik ensefalopatiya və polineyropatiyası olan pasientlərin idarə olunmasını izah etdilər.
Tədbirlər interaktiv formatda keçdi və simpoziumun bütün iştirakçıları səsvermədə, müzakirələrdə iştirak edərək öz rəylərini bildirdilər.