Ukraynalı uşaq kardioloqları Ə.Əliyev adına ADHTİ-da təhsil sistemi ilə tanış olublar
23.09.2019
Ukrayna Uşaq Kardioloji Mərkəzin nümayəndə heyəti ilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda görüş keçirildi. Mərkəzin direktoru professor İllya M. Yemets səfərin məqsədi haqqında məlumat verib bildirdi ki, Azərbaycanda diplomdan sonrakı tibb təhsilinin strukturu ilə tanış olmaq, faydalı təcrübələri Ukraynada tətbiq etmək niyyətindədirlər. Professor Ə.Əliyev adına ADHTİ ilə qarşılıqlı əlaqələrin gücləndirilməsi və ortaq layihələrin işlənib hazırlanmasında maraqlı olduqlarını qeyd etdi. Ölkəmizdə tətbiq olunan Davamlı Tibb Təhsili sistemində çox faydalı elementlərin olması Ukraynalı qonaqları maraqlandırdı.
Ə.Əliyev adına ADHTİ-nin rektoru, professor Nazim Qasımov çıxış edib institutda diplomdan sonrakı tibb təhsili, rezidentura təhsili və aparılan elmi araşdırmalar haqqında qonaqlara ətraflı məlumat verdi. Bir daha qeyd olundu ki, müəssisələrimiz arasında qarşılıqlı əməkdaşlıq haqqında sazişin imzalanması gələcəkdə daha geniş əlaqələr üçün şərait yaradar.
Görüşdə Ə.Əliyev adına ADHTİ-nin prorektorları dosent Təyyar Eyvazov və dosent Məmmədəli Meybəliyev iştirak etmişlər.
ONLAYN JURNAL
"Tibb və Elm" Əziz Əliyev adına elmi-praktiki jurnal. Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.