27 fevral 2017-ci il tarixində Ə.Əliyev adına ADHTİ-nin Yeni Azərbaycan Partiyası ilk təşkilatının hesabat-seçki yığıncağı keçirildi. Yığıncağı giriş sözü ilə institutun rektoru professor Nazim Qasımov açaraq bildirdi ki, Azərbaycanın müasir tarixinin çox mühüm bir hissəsi Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bağlıdır. Yarandığı gündən Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olubdur. Bu gün Yeni Azərbaycan Partiyası müstəqil dövlətimizin ictimai-siyasi həyatında özünün dəyərli yerini tutubdur və getdikcə daha da möhkəmlənir. Bu illərdə Yeni Azərbaycan Partiyasının sıraları genişlənmiş, təkmilləşmiş, kəmiyyət və keyfiyyət cəhətdən daha da təşkilatlanmışdır. Rektor qeyd etdi ki, institutumuzun ilk partiya təşkilatının da şanlı ənənələri var. Dövlətimizin müstəqillik dövrünün hər anında ölkə rəhbərliyinin yanında olan və atılan hər bir addımı dəstəkləyən institut partiya üzvləri indi də o dəsti-xətti davam etdirirlər.
Ə.Əliyev adına ADHTİ-nin Yeni Azərbaycan Partiyası ilk təşkilatının hesabatı ilə sədr dosent Elmira Qədimova çıxış etdi. O hesabatında göstərdi ki, Ə.Əliyev adına ADHTİ-nun ilk partiya təşkilatı 1998-ci ildə təsis olunub və hal-hazırda təşkilatda 116 nəfər üzv vardır. Hesabat dövründə plana uyğun fəaliyyət göstərilmiş,iclaslar keçirilmişdir. İlk partiya təşkilatının üzvləri 20 Yanvar faciəsi ilə əlaqədar toplantı, görkəmli oftalmoloq akademik Zərifə xanım Əliyevanın və Ümummilli lider Heydər Əliyevin anadan olmalarının ildönümlərinə həsr olunmuş konfranslar, görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinə həsr olunmuş silsilə konfranslarının təşkil olunub keçirilməsinin fəal iştirakçıları olmuşlar. Bundan əlavə Yeni Azərbaycan Partiyası tərəfindən, o cümlədən YAP Yasamal rayon təşkilatı tərəfindən təşkil edilmiş dövlət əhəmiyyətli tədbirlərdə ilk partiya təşkilatı fəal iştirak etmişdir. Dövlətimizin səhiyyə üzrə strategiyasına uyğun olaraq qəbul edilmiş proqramların icrasında institutumuzun partiyaçıları da yaxından iştirak edirlər. Əlavə olaraq bütün kafedralarımız ildə bir neçə dəfə bölgələrdə səyyari kurslar keçirməklə yanaşı yerlərdə səhiyyə işçiləri ilə bərabər müxtəlif patologiyalı xəstələri müayinə və müalicə edirlər.
Sonra dosent Elmira Qədimova bildirdi ki, bu gün Respublikanın bütün bölgələrində Yeni Azərbaycan Partiyasının rayon konfranslarına və qurultaya hazırlıq işləri gedir və institutumuzun pariyaçıları da bu işlərdə fəal iştirak edirlər.
Hesabatın müzakirəsində professor Fuad Sərdarlı, prorektor Təyyar Eyvazov, YAP Yasamal rayonu idarə heyətinin üzvü Telman İbadov və başqaları çıxış etdilər.
Hesabatı dinləyən iclas iştirakçıları Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmillləşdirmə İnstitutu ilk patiya təşkilatının fəaliyyətini kafi qiymətləndirmək haqqında qərar qəbul etdilər. Səsvermə ilə ilk partiya təşkilatının yeni heyəti və YAP Yasmal rayon 11-ci konfransına nümayəndələr seçildi.