14-17 May2026-cı il tarixlərində İstanbilda 20-ci Türk Rinoloji Konqresi keçirildi. Tədbirdə Türkiyə ilə yanaşı dünyanın bir çox ölkələrindən tanınmış mütəxəssislər iştirak etmiş, ixtisasın aktual problemlərinə həsr olunmuş elmi məruzələr təqdim olunmuşdur. Konqresdə Azərbaycandan 20-dən artıq mütəxəssis iştirak etmiş, proqram çərçivəsində 2 canlı cərrahiyyə əməliyyatı icra olunmuşdur. Tədbir rinologiya sahəsində elmi biliklərin və qabaqcıl cərrahi təcrübələrin paylaşılması baxımından mühüm beynəlxalq platforma olmuşdur.
Mötəbər beynəlxalq elmi tədbirdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun otorinolarinqologiya kafedrasının dosenti Məzahir Quliyev “Revizyon rinoplastikada əyri burunlara müasir yanaşma”, “Rino-Greft konsepti” və “Pediatrik septoplastikada qoruyucu ekstrakorporeal septoplastika texnikası ilə Estetik Septoplastika” mövzularında elmi məruzələrlə çıxış etmişdir. Təqdimatlar zamanı revizyon rinoplastikada uzunmüddətli struktur və funksional stabilliyin təmin olunmasına yönəlmiş innovativ yanaşmalar, pediatrik septoplastikada böyümə mərkəzlərini qoruyan müasir cərrahi prinsiplər, həmçinin müəlliflik hüququ alınmış “Estetik septoplastika” metodikası beynəlxalq auditoriyaya təqdim edilmişdir. Bununla yanaşı, müəllif tərəfindən hazırlanmış və patentləşdirilmiş yeni cərrahi alətlər də konqres iştirakçılarının diqqətinə çatdırılmışdır. Elmi təqdimatlar konqres iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının beynəlxalq elmi konqreslərdə fəal iştirakı, innovativ metodikaların təqdim olunması və Azərbaycan tibb elminin beynəlxalq səviyyədə uğurla təmsil edilməsi institutun elmi potensialının və akademik nüfuzunun göstəricisidir.