9–12 May 2026 tarixlərində Barselonada Avropa Kardioloqlar Cəmiyyətinin (ESC) Ürək Çatışmazlığı Assosiasiyasının (Heart Failure Association of the ESC) konqresi keçirildi. Tədbirə dünyanın bur çox ölkələrindən 5500 iştirakçı qatıldı.
Konqresin əsas mesajı ürək çatışmazlığında “evolution” - yəni klassik müalicədən daha fərdiləşdirilmiş, daha erkən və daha sübuta əsaslanan yanaşmaya keçid idi. Proqramda irəliləyişli terapiyalara (breakthrough therapies), dəqiq diaqnoza (precision diagnosis), yeni dərman siniflərinə (novel drug classes), cihazlara (devices), rəqəmsal sağlamlığa (digital healt) və süni intellekt tərəfindən dəstəklənən həll yollarına (AI-powered solutions) həsr olunmuş mövzulara xüsusi yer verildi. Konqresdə xüsusi qeyd edildi ki, ürək çatışmazlığının müalicəsi “one-size-fits-all” (“hamıya uyğun bir ölçü”) mərhələsindən çıxıb, “precision heart failure care” (“dəqiq ürək çatışmazlığı müalicəsi”) dövrünə keçir.
Konqresdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kardiologiya kafedrasının müdiri professor, t.e.d. Tofiq Cahangirov iştirak etmişdir. O, müxtəlif ölkələrdən gələn həmkarları ilə birgə elmi layihələr haqqında danışıqlar aparmış, institutumuzun Əziz Əliyev adına elmi-praktik
“Tibb və Elm” jurnalının beynəlxalq reytinqli jurnallar səviyyəsinə yüksəldilməsi üçün Türkiyədən və Avropadan olan həmkarları ilə fikir mübadiləsi etmişdir. Professor eyni zamanda Avropa Ürək Çatışmazlığı Assosiasiyasının Baş Assambleyasında da iştirak etmişdir.