Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasında müdavimlərin müxtəlif mövzulara dair nəzəri biliklərinin artırılması ilə yanaşı onlara müxtəlif klinikalarda praktiki vərdişlərin öyrədilməsi də həyata keçirilir. Həmin dərslərin institutun kliniki bazaları olan Liv Bona Dea Hospitalı, Pediatriya Mərkəzi, Medikal Plaza, Leyla Klinikası kimi tibb mərkəzlərində keçirilməsi müdavimlərə həmin metodları əyani görməyə imkan yaradır.
Liv Bona Dea Hospitalıında praktiki dərslərdə müdavimlərə çox azsaylı klinikalarda istifadə edilən müalicə metodlarından olan davamlı veno-venoz hemodializ, ekstrakorporal membran oksigenləşməsi metodları haqqında məlumat verilir və onların praktikada tətbiqi əyani olaraq göstərilir. Davamlı veno-venoz hemodializ ən çox septik şokda, kəskin böyrək zədələnmələrində, hemodinamik qeyri-stabil üşaqlarda və poliorqan çatışmazlığı olan xəstələrdə istifadə olunur. Ekstrakorporal membran oksigenləşməsi metodu isə həyati təhlükə yaradan şiddətli kardiopulmonar çatışmazlıqlarda, ağır refrakter kardiogenik şoklarda, kəskin nəfəs yollarının pozulma sindromu (ARDS) və poliorqan çatışmazlığında son mərhələ müalicə metodu olaraq tətbiq edilir. Bu metod reversal xəstələrdə orqanın özünü bərpa etməsini, orqan nəqli gözləyən xəstələrdə isə zaman qazanılmasını təmin edir.