26.02.2026-cı ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İclasın gündəliyi aşagıdakı kimi olmuşdur:
1. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun beynəlxalq əlaqələr şöbəsinin 2025-ci il üçün hesabatı.
Məruzəçi: prorektor dosent Rüfət Hüseynli
2. Çapa təqdim olunan vəsaitlər.
3. Müxtəlif məsələlər.
İclasın əvvəlində institutun rektoru professor Nazim Pənahov bu gün Xocalı soyqırımının anım günü olduğunu Elmi Şura üzvlərinin nəzərinə çatdırdı və qeyd etdi ki, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kollektivi bütün Azərbaycan xalqı kimi Xocalı soyqırımının qurbanlarının xatirəsini daim yad edir. Elmi Şura üzvləri bu faciəli günü və qətlə yetirilmiş soydaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
I məsələ üzrə Ə.Əliyev adına ADHTİ-nin beynəlxalq əlaqələr üzrə prorektoru dosent Rüfət Hüseynli çıxış edərək beynəlxalq əlaqələr şöbəsinin 2025-ci il üçün hesabatını məruzə etdi. Qeyd edildi ki, institutun əməkdaşları il ərzində dünyanın onlarla ölkəsində elmi ezamiyyətlərdə olmuş, beynəlxalq konqreslərdə iştirak etmişlər. Həmin tədbirlərdə əməkdaşlarımız apardıqları elmi-tədqiqat işləri haqqında məruzələr etmiş, aldıqları nəticələri həmkarları ilə bölüşmüşlər. Eyni zamanda dünya təbabət elminin müasir nailiyyətləri haqqında məlumatlar almış və qazandıqları təcrübəni sonradan institutdakı tədris prosesində müdavimlərə çatdırmışlar. Bu işlər arasında institutumuzda təhsil alan rezidentlərin də beynəlxalq tədrisə cəlb edilməsinə xüsusi önəm verildiyi bir daha qeyd olundu. 2025-ci ildə xarici ölkələrdə rotasiya keçən rezidentlərin qayıtdıqdan sonra təhsildə daha yüksək nəticələr göstərməsi bu prosesin daha da intensivləşdirilməsini lazımlı edir. Hesabat ilində institutumuzun rektoru professor Nazim Pənahovun özünün və rəhbərlik etdiyi nümayəndə heyətinin bir çox xarici ali tibb təhsili müəssisələrinin rəhbərləri və nümayəndə heyətləri ilə görüşləri keşirilmişdir. Həmin görüşlərdə anlaşma memorandumlarının və ya sazişlərin bağlanması institutumuzla həmin müəssisələr arasındakı elmi və təhsil əlaqələrinin daha da möhkəmlənməsinə səbəb olacaqdır.
İnstitutun rektoru professor Nazim Pənahov çıxış edib qeyd etdi ki, ali tibb məktəblərində aparılan işlər arasında geniş beynəlxalq əlaqələrin olması xüsusilə vacibdir. Bu əlaqələr institutda aparılan elmi-tədqiqat və təhsil işlərinin müasir dünya elminin standartlarına uyğun yerinə yetirilməsinə imkan verir. Rektor çıxışında təqdim olunan hesabatdakı məlumatlara öz münasibətini bildirdi, xaricə ezam olunan əməkdaşların qayıdandan sonra mütləq hesabat verməli olduqlarını bir daha qeyd etdi. Professor Nazim Pənahov beynəlxalq əlaqələri genişləndirməklə 2015-ci ildən institutda çap olunan və AAK-ın dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər siyahısına daxil edilmiş Ə.Əliyev adına “Tibb və Elm” elmi-praktiki jurnalının Web of Science və Scopus jurnallarının siyahısına daxil olunması üçün gərgin iş aparmaq lazım olduğu xüsusi vurğuladı.
Sonra gündəliyin o biri məsələsi olan çapa təqdim olunan vəsaitlərın müzakirəsi aparıldı. Təqdim olunan 3 vəsaitdən 2-si AAK tələblərinə tam cavab verdiyinə görə çap olunmaq üçün tövsiyə edildi. 1 dərs vəsaiti çatışmamazlıqlar olduğuna görə yenidən işlənmək üçün geri qaytarıldı.
3-cü məsələ üzrə rektor professor Nazim Pənahov çıxış edib, institutda aparılacaq təşkilati işlər haqqında Elmi Şura üzvlərinə məlumatlar verdi.
Bununla da Elmi Şura öz işini başa çatdırdı.