20-21 fevral 2026-cı il tarixlərində Azərbaycan Kardioloqlar Cəmiyyəti tərəfindən təşkil olunan “Kardiometabolik və nadir xəstəliklər” konqresi keçirildi. Konqres çərçivəsində kardiometabolik pozuntuların müasir diaqnostika və müalicə yanaşmaları, eləcə də nadir xəstəliklərin erkən aşkarlanması və multidissiplinar idarə olunması məsələləri geniş müzakirə olundu. Tədbir ölkənin müxtəlif tibb müəssisələrindən mütəxəssisləri bir araya gətirərək elmi bilik və klinik təcrübə mübadiləsi üçün əhəmiyyətli platforma yaratdı.
Konqresdə Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu terapiya kafedrasının əməkdaşları professor İsax Mustafayev, dosent, t.e.d. Samir Mehdiyev, dosent, t.ü.f.d. Natəvan İsmayılova kardiologiyanın aktual klinik problemlərinə həsr olunmuş məruzələrlə çıxış etdilər. Müasir sübutlara əsaslanan yanaşmaları əhatə edən məruzələr dinləyicilər tərəfindən böyük maraqla qarşılandı.
Konqres ölkəmizdə kardiometabolik və nadir xəstəliklər sahəsində elmi əməkdaşlığın və peşəkar inkişafın gücləndirilməsinə mühüm töhfə verdi.