Ə.Əliyev adına ADHTİ-nin Elmi Şurasının iclası keçirildi

26.11.2026


Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İclasın gündəliyi aşagıdakı kimi olmuşdur:

1. 2025-2026-cı tədris ilində Rezidentura şöbəsinin fəaliyyəti haqqında hesabat.
2. Müxtəlif məsələlər:
2.1. Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Tədris-metodiki şurasının yaradılması barədə.
2.2. Həkim-rezidentlərin Azərbaycandan kənarda keçirilən ixtisasları ilə bağlı tədbirlərdə iştirakı zamanı əmək haqlarının saxlanılması barədə.
2.3. Həkim-rezidentin xaricdə keçəcəyi klinik təcrübənin rotasiya kimi tanınması barədə.
2.4. Yaradıcılıq məzuniyyəti barədə.
3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən rəyə göndərilən klinik protokollar və monoqrafiyalar barədə.
4. Çapa tövsiyə olunan əlyazmalar barədə.
5. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına dosent elmi adının verilməsi haqqında vəsatət qaldırılması barədə.

I məsələ üzrə Rezidentura üzrə prorektor, t.e.d., dosent Məhəmməd Davudov məruzə ilə çıxış edərək institutda rezidentura təhsilinin mövcud vəziyyəti, əldə olunan nəticələr, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, həkim-rezidentlərin elmi fəaliyyəti və tədris prosesinin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verdi. Bildirildi ki, hazırda institutda 29 ixtisas üzrə 303 həkim-rezident təhsil alır. 2026–2027-ci tədris ilində rezidenturaya ümumilikdə 109 nəfər qəbul olunmuşdur. Onlardan 96 nəfəri Dövlət İmtahan Mərkəzinin (DİM) əmrinə əsasən dövlət xətti ilə, 13 nəfər əcnəbi vətəndaş isə müsabiqə yolu ilə qəbul edilmişdir. Ötən illə müqayisədə rezidenturaya qəbul göstəricilərində 65% artım qeydə alınmışdır. Hazırda institutda 15 ixtisas üzrə 46 əcnəbi həkim-rezident təhsil alır. 2027–2028-ci tədris ili üçün rezidenturaya qəbul planında 25 ixtisas üzrə 65 yerin ayrılması nəzərdə tutulmuşdur.
Prorektor rezidentura təhsilinin keyfiyyətinin yüksəldilməsində klinik bazaların əhəmiyyətini xüsusi vurğuladı. Qeyd olundu ki, hazırda rezidentura hazırlığı 47 dövlət və özəl tibb müəssisəsində həyata keçirilir. Həkim-rezidentlərin müxtəlif klinik şəraitdə təcrübə qazanmaları, müasir diaqnostika və müalicə metodlarına yiyələnmələri məqsədilə klinik bazaların genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Yaxın gələcəkdə bir sıra digər özəl tibb müəssisələrinin də klinik bazalar siyahısına daxil edilməsi nəzərdə tutulur.
Məruzədə rezidentura təhsilinin beynəlxalq inteqrasiyası və akademik mobillik imkanlarının genişləndirilməsi istiqamətində görülən işlərə də toxunuldu. Bildirildi ki, bir sıra xarici ölkələrin ali tibb təhsili müəssisələri ilə əməkdaşlıq müqavilələri bağlanmış, həkim-rezidentlərin xarici ölkələrin qabaqcıl tibb müəssisələrində rotasiya keçmələri təmin edilmişdir. Belə ki, Almaniya Federativ Respublikasında 6, Türkiyə Respublikasında 14, Çin Xalq Respublikasında isə 1 olmaqla, ümumilikdə 21 həkim-rezident xarici rotasiyada iştirak etmişdir. Ötən illə müqayisədə xarici rotasiyalarda iştirak edən həkim-rezidentlərin sayında 75% artım qeydə alınmışdır.
Beynəlxalq əməkdaşlığın inkişafı çərçivəsində cari ildən etibarən xarici ölkələrin həkim-rezidentlərinin institutda akademik təcrübə və rotasiya proqramlarında iştirakına da başlanılmışdır. Bu istiqamətdə ilk olaraq Qazaxıstandan olan 10 həkim-rezident institutda təşkil edilmiş iki həftəlik akademik təcrübə proqramında iştirak etmişdir.
Prorektor həkim-rezidentlərin elmi-tədqiqat fəaliyyətinə cəlb edilməsinin də rezidentura təhsilinin prioritet istiqamətlərindən biri olduğunu diqqətə çatdırdı. Qeyd olundu ki, rezidentlərin elmi potensialının inkişaf etdirilməsi, tədqiqat aparmaq bacarıqlarının formalaşdırılması, müasir elmi nailiyyətlərlə tanış olmaları və beynəlxalq akademik mühitə inteqrasiyası mühüm əhəmiyyət kəsb edir.
Tədris ili ərzində 35 həkim-rezident yerli və xarici elmi konfranslarda məruzələrlə çıxış etmişdir. Onlardan 9 nəfəri Avstriya, Türkiyə və Özbəkistanda keçirilən beynəlxalq elmi konfranslarda öz elmi işlərini təqdim etmişdir. Həkim-rezidentlərin elmi konfranslarda fəal iştirakı onların peşəkar inkişafı, elmi dünyagörüşünün genişlənməsi, tədqiqat nəticələrinin təqdim edilməsi və beynəlxalq təcrübə mübadiləsi baxımından mühüm göstərici kimi qiymətləndirildi.
Daha sonra prorektor qeyd etdi ki, rezidentura şöbəsinin fəaliyyətinin optimallaşdırılmasının əsas yolları ixtisaslar üzrə rezidentura təhsil proqramlarının vaxtaşırı yenilənməsi, rezidentlərin üzərinə düşən akademik yükün artırılması, elektron kitabxanadan istifadə, simulyasion təbabətin imkanlarından istifadə, rezidentlərin yekun və dövrü imtahanlarının suallarının tərtibi, rezidentlərin davamiyyəti və növbələrin təşkilinə nəzarətdir. Eyni zamanda rezidentlərin üzərinə düşən akademik yükün artırılması orijinal məqalələrin yazılması, ədəbiyyat icmallarının yazılması, klinik hadisələrin müzakirəsi,elmi konfranslarda çıxışlar vasitəsilə həyata keçirilir.
İnstitutun rektoru, professor Nazim Pənahov məruzə ətrafında çıxış edərək rezidentura təhsilinin keyfiyyətinin yüksəldilməsinin institutun fəaliyyətinin əsas prioritet istiqamətlərindən biri olduğunu qeyd etdi.
Rektor bildirdi ki, yüksək ixtisaslı, müasir tibbi biliklərə və peşəkar praktik bacarıqlara malik həkim-mütəxəssislərin hazırlanması üçün rezidentlərin dərslərdə, klinik fəaliyyətdə və növbələrdə davamiyyətinin təmin olunması, onların bilik və bacarıqlarının mütəmadi qiymətləndirilməsi ilə yanaşı, həmin bilik və bacarıqların mənimsənilməsi üçün zəruri akademik, metodiki və klinik şəraitin yaradılması da xüsusi əhəmiyyət kəsb edir.
Daha sonra rektor rezidentura təhsilinin optimallaşdırılması, tədris prosesinin müasir tələblərə uyğun təşkili, elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi, klinik bazaların imkanlarından səmərəli istifadə olunması və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində institutun qarşısında duran vəzifələrdən danışdı.
Gündəliyin ikinci məsələsi üzrə çıxış edən Elmi Şuranın sədri, professor Nazim Pənahov müzakirəyə təqdim olunan məsələlər barədə Şura üzvlərinə ətraflı məlumat verdi. Müzakirələr başa çatdıqdan sonra qeyd olunan məsələlər səsverməyə çıxarıldı. Səsvermənin nəticələrinə əsasən, təqdim olunan məsələlər yekdilliklə təsdiq edildi.
Elmi Şuranın gündəliyinə daxil edilmiş digər məsələlər – “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən rəyə göndərilmiş klinik protokollar və monoqrafiyalar barədə”, “Əlyazmaların çapa tövsiyə edilməsi barədə” və “Dosent elmi adının verilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılması barədə” məsələlər müzakirə olundu və müvafiq qərarlar qəbul edildi.
Bununla da Elmi Şura öz işini başa çatdırdı.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu