Yaponiyanın Naqasaki şəhərində Yaponiya Koloproktologiya Cəmiyyətinin 81-ci illik elmi konqresi və beynəlxalq simpoziumu (JSCP 81) keçirilib.
6500-dən çox mütəxəssisi birləşdirən Yaponiya Koloproktologiya Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən konqres koloproktologiya, kolorektal cərrahiyyə və qastroenterologiya sahələrində müasir elmi nailiyyətlərin müzakirəsinə həsr olunub.
“Təkmilləşmə və yenilənmə” devizi altında keçirilən tədbirin əsas məqsədi koloproktoloji xəstəliklərin diaqnostika və müalicəsində innovativ yanaşmaların müzakirəsi, multidissiplinar əməkdaşlığın gücləndirilməsi və beynəlxalq elmi təcrübə mübadiləsinin genişləndirilməsi olub.
Konqresdə Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Cərrahiyyə kafedrasının dosenti, t.e.d. Aynur Səfiyeva məruzəçi qismində iştirak edib.
Tədbirin beynəlxalq elmi sessiyaları çərçivəsində Aynur Səfiyeva “Abses şəklində təzahür edən trombozlaşmış perianal tubulyar törəmə: diaqnostik və cərrahi dilemma” və “Kolorektal poliplərin diaqnostikası və müalicəsində kolonoskopiyanın fundamental rolu” mövzularında iki elmi təqdimat ilə çıxış edib.
Əməkdaşımızın bu mötəbər elmi tədbirdə iştirakı müasir elmi və klinik təcrübənin paylaşılması, eləcə də beynəlxalq akademik əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.