Yunanıstanın paytaxtı Afina şəhərində Mamalıq, Ginekologiya və Sonsuzluqda Mübahisəli Məsələlər üzrə 34-cü Dünya Konqresi (COGI 2026) keçirilib. İxtisas üzrə nüfuzlu beynəlxalq elmi tədbirlərdən biri olan konqres 80-dən çox ölkədən 1800-dən artıq iştirakçını və 105-dən çox beynəlxalq məruzəçini bir araya gətirib. Konqresin elmi proqramına 540-dan artıq elmi tezis daxil edilib.
Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Mamalıq və ginekologiya kafedrasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Rəxşəndə Aslanova konqresdə “Progesteronla hazırlanmış və GnRH antaqonist protokolları ilə aparılan IVF-ICSI sikllərindən sonra reproduktiv və perinatal nəticələr: embrion transferi strategiyası nəzərə alınmaqla kohort təhlili” mövzusunda elmi məruzə ilə çıxış edib. Məruzə konqres iştirakçıları tərəfindən maraqla qarşılanıb.