Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə T.Şarmanov adına Astana Tibb Universiteti arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində Astana Tibb Universitetinin 10 həkim-rezidenti Ə.Əliyev adına ADHTİ-də iki həftəlik akademik təcrübə proqramında iştirak ediblər.
Akademik təcrübə proqramının əsas məqsədi rezidentlərin nəzəri biliklərinin dərinləşdirilməsi, praktiki bacarıqlarının təkmilləşdirilməsi, müasir tibbi yanaşmalar və klinik təcrübələrlə tanışlığının təmin edilməsi, eləcə də beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsindən ibarət olub.
Proqram çərçivəsində Qazaxıstandan olan rezidentlər beş müxtəlif ixtisas üzrə institutun müvafiq kafedralarında və klinik bazalarında nəzəri və praktiki hazırlıq keçiblər. Təcrübə müddətində gənc həkimlər yerli mütəxəssislərlə birgə klinik müzakirələrdə, elmi-praktiki fəaliyyətlərdə və müvafiq klinik proseslərdə fəal iştirak edərək peşəkar bilik və bacarıqlarını artırmaq imkanı əldə ediblər.
Rotasiya proqramını uğurla başa vuraraq vətənlərinə qayıdan rezidentlərin təcrübə mübadiləsinin yüksək səviyyədə təşkilinə görə Astana Tibb Universitetinin rəhbərliyi tərəfindən Ə.Əliyev adına ADHTİ-nin rektoru, professor Nazim Pənahova rəsmi təşəkkür məktubu ünvanlanıb.
Təşəkkür məktubunda akademik təcrübə proqramının təşkili üçün yaradılmış əlverişli şəraitə, göstərilən peşəkar dəstəyə və səmimi qonaqpərvərliyə görə institutun rəhbərliyinə və professor-müəllim heyətinə minnətdarlıq ifadə olunub. Eyni zamanda, iki ali tibb təhsili müəssisəsi arasında formalaşmış əməkdaşlıq əlaqələrinin gələcəkdə də davam etdirilməsinin və genişləndirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.
Bu akademik təcrübə proqramı beynəlxalq əməkdaşlığın inkişafı, gənc həkimlərin peşəkar hazırlığının təkmilləşdirilməsi və tibb sahəsində qabaqcıl təcrübələrin qarşılıqlı mübadiləsi baxımından mühüm əhəmiyyət daşıyır.