Türkiyənin Antalya şəhərində keçirilən 34-cü Milli Dermatologiya Konqresi dermatologiya sahəsində çalışan aparıcı mütəxəssisləri, alimləri və gənc həkimləri bir araya gətirən Türkiyə Dermatologiya Cəmiyyətinin ən böyük və nüfuzlu elmi-praktik tədbirlərindən biridir.
Müasir elmi nailiyyətlər və texnoloji yeniliklər fonunda dermatologiyanın aktual inkişaf istiqamətlərinə həsr olunan konqres çərçivəsində geniş elmi və praktiki proqram təqdim olunub. Proqramda mürəkkəb klinik halların təhlili, nadir dermatoloji patologiyaların müzakirəsi, interaktiv elmi sessiyalar və panel müzakirələri yer alıb. Bununla yanaşı, dermatocərrahiyyə və estetik dermatologiya sahələrində baza və qabaqcıl müdaxilə metodlarının öyrədilməsinə yönəlmiş praktiki kurslar da təşkil edilib.
Konqresin proqramında gənc mütəxəssislərin elmi fəaliyyətə cəlb olunmasına və akademik mühitə inteqrasiyasına da xüsusi diqqət yetirilib. Bu məqsədlə mentorluq proqramları, şifahi məruzələrin təqdimatı və elmi təcrübə mübadiləsi üçün geniş imkanlar yaradılıb.
Konqresə fəxri qonaq qismində dəvət olunmuş Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun dermatovenerologiya kafedrasının müdiri, tibb elmləri doktoru Sənan Kərimov elmi sessiyalardan birinin moderatoru kimi çıxış edib.
Konqres çərçivəsində keçirilən Türkiyə Dermatologiya Cəmiyyətinin İdarə Heyətinin xüsusi iclasında Sənan Kərimov Cəmiyyətin fəxri üzvü seçilib. Bu qərar əməkdaşımızın dermatologiya sahəsində elmi və peşəkar fəaliyyətinə verilən yüksək qiymətin, eləcə də Azərbaycan və Türkiyə dermatoloqları arasında elmi əməkdaşlığın inkişafının əlaməti kimi dəyərləndirilə bilər.
Tədbirdə dermatovenerologiya kafedrasının assistenti, t.ü.f.d.Leyla Rzayeva və kafedrada təhsil alan həkim-rezidentlər də iştirak ediblər.