Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə Astana Tibb Universiteti arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində Astana Tibb Universitetinin 10 həkim-rezidenti Ə.Əliyev adına ADHTİ-də iki həftəlik akademik təcrübə proqramında iştirak ediblər.
Akademik təcrübə proqramının əsas məqsədi rezidentlərin nəzəri biliklərinin təkmilləşdirilməsi, praktiki bacarıqlarının inkişaf etdirilməsi, müasir tibbi yanaşmalarla tanış olmaları, eləcə də beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsindən ibarət olub. Təcrübə müddətində rezidentlər institutda tədris və klinik fəaliyyətlə tanış olmaq, müxtəlif istiqamətlər üzrə peşəkar bilik və bacarıqlarını artırmaq imkanı əldə ediblər.
Proqramın yekununda rezidentlərlə görüş keçirilib. Görüşdə institutun Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Rüfət Hüseynli və Rezidentura təhsili üzrə prorektoru tibb elmləri doktoru Məhəmməd Davudov iştirak ediblər. Görüş zamanı qonaq-rezidentlərə akademik təcrübə proqramını uğurla başa vurmaları münasibətilə sertifikatlar təqdim olunub. Eyni zamanda, onların təcrübə müddətində əldə etdikləri bilik və bacarıqlar, peşəkar inkişafları, tədris prosesinin təşkili və proqramla bağlı ümumi təəssüratları dinlənilib.
Astana Tibb Universitetinin həkim-rezidentləri keçdikləri təcrübədən məmnunluqlarını ifadə edərək, proqram çərçivəsində qazandıqları nəzəri və praktiki biliklərin gələcək peşəkar fəaliyyətləri baxımından əhəmiyyətini vurğulayıblar. Onlar göstərilən diqqətə, yaradılan əlverişli tədris mühitinə və təcrübə müddətində göstərilən dəstəyə görə institut rəhbərliyinə və kollektivinə təşəkkürlərini bildiriblər.
Görüşdə, həmçinin Ə.Əliyev adına ADHTİ-nin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Vəfa Abdullayeva və Rezidentura və magistratura üzrə təhsil bölməsinin müdiri Arzu Hüseynova da iştirak ediblər.
Qeyd edək ki, bu kimi akademik mübadilə proqramları tibb təhsili sahəsində beynəlxalq əməkdaşlığın inkişafına, qabaqcıl təcrübələrin paylaşılmasına, gələcək həkim mütəxəssislərin peşəkar hazırlığının gücləndirilməsinə və Azərbaycanla Qazaxıstanın tibb təhsili müəssisələri arasında əlaqələrin daha da genişləndirilməsinə xidmət edir.