Gəncədə görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 130 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

31.10.2026


Azərbaycan Respublikası Prezidentinin 20 avqust 2026-cı il tarixli “Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 130 illiyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələn tədbirlər çərçivəsində 2026-cı il oktyabrın 31-də Gəncə şəhərində görkəmli dövlət və elm xadimi, Azərbaycan səhiyyəsinin və tibb elminin inkişafında müstəsna xidmətləri olan professor Əziz Məmmədkərim oğlu Əliyevin anadan olmasının 130 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
Tədbirdən əvvəl konfrans iştirakçıları Gəncə şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoyub, onun əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında keçirilən tədbirdə səhiyyə və tibb elminin nümayəndələri, alimlər, həkimlər, institutun professor-müəllim heyəti və digər qonaqlar iştirak ediblər.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev və Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru, professor Nazim Pənahov çıxış ediblər.
Adil Tağıyev çıxışında konfransın Gəncə şəhərində keçirilməsinin əhəmiyyətini vurğulayaraq, akademik Əziz Əliyevin Azərbaycan səhiyyəsinin və tibb elminin inkişafındakı tarixi xidmətlərindən bəhs edib. O, görkəmli dövlət və elm xadiminin zəngin irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılmasının, onun çoxşaxəli fəaliyyətinin və ideyalarının təbliğinin vacibliyini qeyd edib. Həmçinin belə elmi tədbirlərin səhiyyə mütəxəssisləri arasında təcrübə mübadiləsinin genişləndirilməsinə, elmi əlaqələrin möhkəmləndirilməsinə və regionlarda tibbi xidmətin inkişafına töhfə verdiyini bildirib.
İnstitutun rektoru, professor Nazim Pənahov çıxışında xalqımızın öz tarixinə və Vətəninə sədaqətlə xidmət etmiş görkəmli şəxsiyyətlərin xatirəsinə daim ehtiramla yanaşdığını vurğulayaraq, Əziz Əliyevin Azərbaycan səhiyyəsinin, tibb elminin və tibbi təhsilin inkişafındakı müstəsna xidmətlərindən bəhs edib.
Rektor qeyd edib ki, Əziz Əliyevin rəhbərliyi dövründə institutun fəaliyyəti əhəmiyyətli dərəcədə genişlənib, yeni kafedralar yaradılıb, elmi-pedaqoji kadr hazırlığı təkmilləşdirilib və müəssisə mühüm elmi-tibbi mərkəzə çevrilib. Onun zəngin elmi irsi, milli tibbi kadrların yetişdirilməsinə və səhiyyənin inkişafına verdiyi töhfələr xüsusi vurğulanıb.
Bildirilib ki, 1962-ci ildə instituta Əziz Məmmədkərim oğlu Əliyevin adının verilməsi onun tarixi xidmətlərinə göstərilən yüksək ehtiramın ifadəsidir. Görkəmli şəxsiyyətin əsasını qoyduğu elmi-pedaqoji ənənələrin bu gün də davam etdirildiyini qeyd edən rektor tibbi təhsilin müasirləşdirilməsi, elmi fəaliyyətin inkişafı və yüksəkixtisaslı həkim kadrlarının hazırlanmasının institutun əsas prioritet istiqamətləri olduğunu diqqətə çatdırıb. O, yubiley konfransının Gəncə şəhərində, bölgənin tibb ictimaiyyətinin iştirakı ilə keçirilməsinin elmi əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Konfrans çərçivəsində akademik Əziz Əliyevin zəngin həyat və fəaliyyət yoluna, Azərbaycan səhiyyəsinin və tibb elminin inkişafına verdiyi töhfələrə həsr olunmuş sənədli film nümayiş etdirilib.
Tədbirin elmi hissəsində müasir tibbin aktual istiqamətlərini əhatə edən məruzələr təqdim olunub.
İlk məruzə ilə institutun Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının müdiri, dosent, tibb üzrə fəlsəfə doktoru Həsən Əsədov çıxış edərək üz-çənə nahiyəsinin müxtəlif anomaliyalarının müasir plastik və rekonstruktiv cərrahiyyə üsulları ilə bərpası məsələlərindən bəhs edib.
İnstitutun Plastik və rekonstruktiv cərrahiyyə kafedrasının müdiri, dosent, tibb elmləri doktoru Məhəmməd Davudov baş-boyun onkoloji cərrahiyyəsində müasir rekonstruktiv yanaşmalar barədə məruzə ilə çıxış edib.
Terapiya kafedrasının professoru, tibb elmləri doktoru İsax Mustafayev xroniki ürək çatışmazlığının diaqnostikası, müalicəsi və proqnozlaşdırılması sahəsində müasir yenilikləri diqqətə çatdırıb.
Otorinolarinqologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Məzahir Quliyev burun tənəffüsünün pozulmasının müasir müalicə strategiyaları və innovativ yanaşmalarından bəhs edib.
İnstitutun Kardiologiya kafedrasının assistenti Fərid Əliyev isə aritmologiya sahəsində yeni texnologiyalar və müasir müalicə imkanları barədə məlumat verib.
Məruzələrdə müasir diaqnostika və müalicə üsulları, innovativ texnologiyaların klinik praktikaya tətbiqi, multidissiplinar yanaşmalar və tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Konfransın əsas məqsədi akademik Əziz Əliyevin zəngin elmi və mənəvi irsinin təbliği ilə yanaşı, müasir tibb elminin nailiyyətlərinin müzakirəsi, qabaqcıl klinik təcrübənin paylaşılması, həkimlərin peşəkar bilik və bacarıqlarının artırılması, eləcə də səhiyyə sahəsində elmi əməkdaşlığın inkişafına töhfə vermək olub.
Elmi-praktik konfrans akademik Əziz Əliyevin Azərbaycan səhiyyəsinin və tibb elminin inkişafındakı tarixi xidmətlərinin bir daha ehtiramla yad edilməsi, onun elmi-pedaqoji irsinin müasir tibb ictimaiyyətinə çatdırılması və aktual tibbi məsələlərin müzakirəsi baxımından əhəmiyyətli tədbir kimi yadda qalıb.






Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu