Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Amerikanın təhsil və elm sahəsində fəaliyyət göstərən McGraw Hill şirkətinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə tibbi təhsilin müasir inkişaf istiqamətləri, tədris prosesində innovativ yanaşmaların tətbiqi, süni intellekt texnologiyalarının təhsil sisteminə inteqrasiyası, müasir kurikulumların hazırlanması və beynəlxalq təcrübənin öyrənilməsi məsələləri müzakirə olunub.
Qeyd edilib ki, təhsil və elm sahəsində 130 illik təcrübəyə malik McGraw Hill şirkətinin müasir tədris resursları və rəqəmsal təhsil həlləri tibbi təhsilin inkişafı baxımından əhəmiyyətli imkanlar yaradır. Bu kontekstdə süni intellektin tədris prosesində istifadəsi, rəqəmsal platformaların tətbiqi, təhsilalanların bilik və kompetensiyalarının qiymətləndirilməsinə müasir yanaşmalar, eləcə də beynəlxalq standartlara uyğun tədris materiallarının hazırlanması ətrafında fikir mübadiləsi aparılıb.
İnstitutun rektoru, professor Nazim Pənahov çıxışında rəhbərlik etdiyi ali tibb təhsili müəssisəsində müasir təhsil yanaşmalarının tətbiqinə, beynəlxalq təcrübənin öyrənilməsinə və həkimlərin fasiləsiz peşəkar inkişafının təmin edilməsinə xüsusi önəm verildiyini vurğulayıb. O, həmçinin rezidentura təhsilinin təkmilləşdirilməsi, gələcək həkimlərin peşəkar hazırlığının gücləndirilməsi və qiymətləndirmə mexanizmlərinin müasir tələblərə uyğunlaşdırılmasının vacibliyini qeyd edib.
Görüşdə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin Rezidentura şöbəsinin müdiri Gülzar Balacanova da iştirak edib.
Görüş tibbi təhsilin müasir tələblərə uyğun inkişafı, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və innovativ tədris texnologiyalarının tətbiqi istiqamətində əməkdaşlıq perspektivlərinin müzakirəsi baxımından əhəmiyyət daşıyıb.