Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 21–27 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən 12-ci Bakı Beynəlxalq Kitab Sərgisi öz işini uğurla başa çatdırıb.
Bu il sərgidə 148 yerli nəşriyyat və təşkilatla yanaşı, 32 ölkədən 59 xarici nəşriyyat və təşkilat təmsil olunub. Yeddi gün ərzində kitab təqdimatları, yazıçılarla görüşlər, imza günləri və ədəbi müzakirələr daxil olmaqla, müxtəlif istiqamətlər üzrə 300-dən çox tədbir keçirilib. Yerli və xarici nəşriyyatların, eləcə də ədəbiyyat nümayəndələrinin iştirak etdiyi sərgi beynəlxalq ədəbi və mədəni əməkdaşlıq platforması kimi əhəmiyyətini bir daha nümayiş etdirib.
“Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” devizi ilə keçirilən builki sərgidə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) stendi də ziyarətçilərin böyük marağına səbəb olub.
Sərgi iştirakçıları institutun əməkdaşları tərəfindən son illərdə hazırlanaraq nəşr edilmiş 79 elmi və tədris nəşri ilə tanış olmaq imkanı əldə ediblər. İnstitutun kitabxana və informasiya xidmətləri bölməsinin müdiri Ceyhunə Məmmədova və bölmənin əməkdaşları stendi ziyarət edən qonaqlara nəşrlər və tədris materialları haqqında ətraflı məlumat verib, onlara institutun adından hədiyyələr təqdim edib və xatirə şəkilləri çəkdiriblər. İnstitutun çoxsaylı əməkdaşları da sərgi müddətində stendi ziyarət edərək bölmənin fəaliyyətinə dəstək göstəriblər.
İnstitutun stendini ziyarət edənlər arasında tanınmış yazıçı Seyran Səxavət, Milli Məclisin deputatı Azay Quliyev, Əməkdar artist Bəhram Bağırzadə, Xalq artisti Həmidə Ömərova, Azərbaycan Milli Kitabxanası direktorunun müavini, Əməkdar mədəniyyət işçisi Ədibə İsmayılova, eləcə də Milli Kitabxananın Arxiv şöbəsinin müdiri Nuridə Vəliyeva və digər şəxslər olublar.
12-ci Bakı Beynəlxalq Kitab Sərgisində iştirak institutun elmi və tədris nəşrlərinin geniş auditoriyaya təqdim edilməsi, elmi biliklərin təşviqi və nəşriyyat sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyət daşıyıb.