Özbəkistanın paytaxtı Daşkənd şəhərində "Dermatovenerologiya və estetik təbabətin aktual problemləri: fənlərarası və innovativ həllər" (ICDV&C-2026) mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib. Konfrans Özbəkistan Respublikası Səhiyyə Nazirliyi, Özbəkistan Respublika İxtisaslaşdırılmış Dermatovenerologiya və Kosmetologiya Elmi-Praktiki Tibb Mərkəzi və Özbəkistan Dermatoveneroloqlar və Kosmetoloqlar Assosiasiyası tərəfindən təşkil olunub. Akademik elmin, qabaqcıl tibbi texnologiyaların və klinik praktikanın inteqrasiyası üçün regionun əsas beynəlxalq platforması olan konfransda dünyanın 20-dən çox ölkəsindən 1000-dən çox dermatoloq iştirak etmişdir.
Tədbir çərçivəsində aparıcı ekspertlərin iştirak etdiyi plenar iclaslar, seksiyalar üzrə məruzələr, satellit simpoziumlar və bir sıra canlı praktiki ustad dərsləri təşkil olunmuşdu. Proqram çərçivəsində klinik dermatovenerologiya, estetik və lazer təbabəti, inyeksion kosmetologiya bölmələrində iştirakçılar müştərək patologiyaların müalicəsi üçün fənlərarası həllərin tapılmasına və aparat metodlarının terapevtik protokollara inteqrasiyasına diqqət yetirmişlər.
Konfransda Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun dermatovenerologiya kafedrasının müdiri, tibb elmləri doktoru Sənan Kərimov "Epiqenetika və Bazal hüceyrəli karsinoma" mövzusunda, kafedranın assistenti, tibb üzrə fəlsəfə doktoru Leyla Rzayeva isə "Dermatovenerologiyada kolposkopiya" mövzusunda məruzə ilə çıxış etmişlər. Məruzələr böyük maraqla qarşılanmışdır. Hər iki əməkdaşımız həmçinin bölmələrdə moderator da olmuşlar.
Tədbirin keçirildiyi müddətdə tibb elmləri doktoru Sənan Kərimovun “Özbəkistan Respublikasının Səhiyyə Əlaçısı” döş nişanı ilə təltif edilməsi barədə Özbəkistan Respublikası səhiyyə naziri tərəfindən müvafiq sərəncam imzalanmışdır. Sözügedən döş nişanı konfrans çərçivəsində Özbəkistan Respublikası səhiyyə nazirinin müavini tərəfindən Sənan Kərimova təntənəli şəkildə təqdim edilmişdir.