
Azərbaycan səhiyyəsinə ağır itki üz vermişdir. Əməkdar həkim, tibb elmləri doktoru, professor Yavər Şıxəli oğlu Şıxəliyev ömrünün 78-ci ilində vəfat etmişdir.
Professor Şıxəliyev Y.Ş. 1948-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Biləv kəndində anadan olub. Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini 1972-ci ildə bitirib. 1973-cü ildən Naxçıvan MR Vərəm Əleyhinə Dispanserinin baş həkimi, 1986-cı ildən Naxçıvan şəhər Səhiyyə şöbəsinin müdiri, 1989-cu ildən Azərbaycan Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun şöbə müdiri, 1993-cü ildən Bakı şəhər Mərkəzi Vərəm Dispanserinin (sonradan 1 nömrəli Vərəm Əleyhinə Dispanser) baş həkimi, 2024-cü ilin sonundan Ağciyər Xəstəlikləri Mərkəzinin tabeliyindəki 1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi kimi çalışmışdır.
1984-cü ildə Moskva şəhərində Mərkəzi Elmi Tədqiqat Vərəm İnstitutunda namizədlik, 2001-ci ildə isə doktorluq dissertasiyalarını müdafiə etmişdir. Azərbaycan Tibb Universitetinin ağciyər xəstəlikləri kafedrasının professoru olub. Ömrünün son illərini Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əvvəl ftiziatriya, sonra isə pulmonologiya kafedrasının professoru vəzifəsində çalışmışdır. Azərbaycan Prezidenti yanında AAK-nın tibb üzrə ekspert şurasının üzvü olmuşdur.
Professor Şıxəliyev Y.Ş. vərəm epidemiologiyası, risk qrupları və coğrafi xəritələşmə üzrə ölkədə ilk tətbiqlərin müəlliflərindən biri kimi 3 monoqrafiyanın, 1 dərsliyin ("Vərəm xəstəlikləri", 2016), 1 dərs vəsaitinin və 200-dən çox elmi işin müəllifi olmuşdur.
O, uzun illər Azərbaycan Səhiyyə Nazirliyinin baş ftiziatrı, Mərkəzi Həkim Məsləhət Komissiyasının sədri, ftiziatriya ixtisası üzrə sertifikasiya komissiyasının sədri, respublika üzrə spesifik dərmanlara davamlı xəstələrin müalicəsinə nəzarət komissiyasının sədri vəzifələrində çalışmışdır. İşlədiyi müddətdə respublikada, o cümlədən Bakı şəhərində vərəmin epidemik stabilliyi istiqamətində gördüyü işlərə və qüsursuz fəaliyyətinə görə dəfələrlə Azərbaycan Səhiyyə Nazirliyinin fəxri fərmanları ilə təltif olunmuşdur. 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Əməkdar həkim” fəxri adına layiq görülüb.
Tanınmış alim, savadlı həkim və səhiyyə təşkilatçısı professor Yavər Şıxəli oğlu Şıxəliyevin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!