Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun mikrobiologiya və epidemiologiya kafedrasının əməkdaşları tədris prosesinin daha maraqlı, cəlbedici olması üçün məlumatların yeni, bir qədər fərqli üsullarla təqdim edilməsinə üstünlük verirlər.
İxtisasartırma kursları zamanı müdavimlərlə tədris kiçik qruplarda müxtəlif üsullarla (“pıçıltı”, “qartopu” və s.) keçirilir, təqdim edilən materialın mənimsənilməsinin qiymətləndirilməsi üçün onlayn şəkildə “Kahoot” platformasından istifadə edilir. Testin rahat və rəqabətli bir şəraitdə aparılması müdavimlərə materialı daha yaxşı qavramağa və suallara tez cavab vermək bacarıqlarını inkişaf etdirməyə kömək edir. Müasir şəraitdə mikrobioloji tədqiqatların təhlili və epidemioloji qərarların qəbul edilməsi sürətli, dəqiq və eyni zamanda əsaslı bir yanaşmanın olmasını tələb etdiyinə görə müxtəlif yaş qruplarına aid olan həkimlər rəqəmsal texnologiyalardan aktiv yararlanmağa çalışırlar. Bu zaman məşgələlərdə sualların interaktiv şəkildə cavablandırılması kursantları təqdim edilən mövzulara daha diqqətli olmağa sövq edir.
Həmin kurslarda keçirilən interaktiv qiymətləndirmə də müdavimlərin son nəticələrinin yüksək olmasına əhəmiyyətli dərəcədə kömək edir.