Latviya Respublikasında iki beynəlxalq elmi tədbir - Avropa–Tayvan Xərçəng Skrinini Konfransı-2026 və 5-ci Dəqiq Tibb üzrə Əlaqələndirmə Forumu (5
th Precision Medicine Networking Forum - PMNET-5 Forum) keçirilib. Tədbirlərin əsas məqsədi onkoloji xəstəliklərin skrininqi və erkən aşkarlanması, əhali arasında əsaslı skrininq proqramlarının təşkili, müasir profilaktik strategiyalar, risk qruplarının müəyyənləşdirilməsi, eləcə də müasir səhiyyədə multidissiplinar və beynəlxalq əməkdaşlıq modellərinin tətbiqi olmuşdur.
Konfrans çərçivəsində xərçəng skrininqinin müasir konsepsiyası, əhali arasında əsaslı skrininq proqramlarının təşkili, yüksək risk qruplarının müəyyənləşdirilməsi, skrininqin effektivliyinin qiymətləndirilməsi və erkən diaqnostikanın təkmilləşdirilməsi ilə bağlı məsələlər müzakirə edilmişdir. Xüsusi diqqət ənənəvi, bütün əhaliyə eyni yanaşmaya əsaslanan skrininqdən riskə uyğunlaşdırılmış (risk-stratified) və fərdiləşdirilmiş skrininq modellərinə keçidə yönəldilmişdir. Konfransın digər mühüm nəticəsi skrininq proqramlarında məlumatların sistemli toplanmasının, registrlərin yaradılmasının, keyfiyyət indikatorlarının müəyyən edilməsinin və proqramların uzunmüddətli nəticələrinin monitorinqinin vacibliyinin bir daha ön plana çıxması olmuşdur.
Forum çərçivəsində əldə edilən məlumatlar göstərir ki, effektiv profilaktika və erkən diaqnostika proqramlarının yaradılması yalnız ayrıca tibbi müdaxilələrin tətbiqini deyil, epidemioloji məlumatların, klinik risk faktorlarının, diaqnostik texnologiyaların, registrlərin və multidissiplinar qərarvermənin vahid sistemdə inteqrasiyasını tələb edir.
Aparılan müzakirələrdə aktiv iştirak edən Ə.Əliyev adına ADHTİ-nin terapiya kafedrasının dosenti Gülüstan Babayeva Azərbaycanda həzm sistemi xəstəliklərinin, xüsusilə premalign vəziyyətlərin və mədə-bağırsaq traktının onkoloji xəstəliklərinin profilaktikası istiqamətində aparılan işlər haqqında ətraflı məlumat vermişdir.
Hər iki beynəlxalq tədbir müasir tibbdə “xəstəliyin müalicəsi” modelindən “riskin erkən müəyyən edilməsi – profilaktika – skrininq – erkən diaqnostika – fərdiləşdirilmiş müdaxilə” modelinə keçidin getdikcə daha mühüm strateji istiqamətə çevrildiyini göstərmişdir.
Tədbirlərin keçirildiyi dövrdə Latviya Səhiyyə naziri Hosams Abu Merinın təşəbbusu ilə keçirilmiş görüşdə əməkdaşımız iştirak etmiş və nazirin imzası ilə Latviya Respublikasının Səhiyyə Nazirliyinin xüsusi “Təşəkkür Sertifikatı” ("Certificate of Appreciation") ilə təltif edilmişdir. Dosent Gülüstan Babayeva bu təltifə Azərbaycan və Latviya arasında səhiyyə sahəsində ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə, qastroenterologiya sahəsində mükəmməlliyin inkişaf etdirilməsinə və xərçəng skriningində tərəqqinin təşviq edilməsinə verdiyi xüsusi töhfələrə görə layiq görülüb.