13 oktyabr 2026-cı il tarixində Qazaxıstan Respublikasının Almatı şəhərində keçirilən 10-cu CADEX 2026 Beynəlxalq Stomatoloji Sərgisində Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Parodontologiya kafedrasının dosenti, Azərbaycan Parodontologiya Cəmiyyətinin İdarə Heyətinin prezidenti Cavid Əhmədbəyli fəxri spiker qismində iştirak edib.
Beynəlxalq tədbirin elmi proqramı çərçivəsində Cavid Əhmədbəyli “Diş əti çəkilmələrinin müalicəsində plastik parodontal cərrahiyyəyə müasir yanaşmalar: autotransplantatlardan biomateriallara” mövzusunda elmi məruzə ilə çıxış edib. Məruzədə diş əti çəkilmələrinin cərrahi müalicəsində müasir yanaşmalar, birləşdirici toxuma autotransplantatlarının və yumşaq toxuma əvəzedici biomaterialların tətbiqi, müalicə metodlarının seçilməsində elmi sübutlara əsaslanan prinsiplər, minimal invaziv cərrahi texnikalar və klinik nəticələrin proqnozlaşdırılması məsələləri təqdim olunub.
Tədbir çərçivəsində Cavid Əhmədbəyli, həmçinin “Diş əti çəkilmələrinin plastik parodontal cərrahiyyəsində autotransplantatların və mucoderm® biomaterialının tətbiqi” mövzusunda nəzəri və praktiki hissələrdən ibarət master-klass keçirib. Master-klassın nəzəri hissəsində diş əti çəkilmələrinin cərrahi müalicə prinsipləri, taca istiqamətləndirilmiş dilim texnikası, birləşdirici toxuma transplantatlarının və kollagen əsaslı biomaterialların tətbiq xüsusiyyətləri izah olunub. Praktiki hissədə isə iştirakçı həkimlər bioloji modellər üzərində müvafiq cərrahi texnikaların icrası və mucoderm® biomaterialının tətbiqi üzrə praktiki bacarıqlarını təkmilləşdiriblər.
CADEX 2026 Beynəlxalq Stomatoloji Sərgisi müxtəlif ölkələrdən stomatologiya sahəsində fəaliyyət göstərən mütəxəssisləri, alimləri və istehsalçı şirkətlərin nümayəndələrini bir araya gətirərək müasir elmi nailiyyətlərin, innovativ texnologiyaların və klinik təcrübələrin mübadiləsi üçün beynəlxalq platforma rolunu oynayıb. İnstitutun əməkdaşının bu beynəlxalq tədbirdə elmi məruzəçi və praktiki master-klass rəhbəri qismində iştirakı Azərbaycan stomatologiyasının beynəlxalq elmi mühitdə təmsil olunması, müasir klinik bilik və təcrübələrin paylaşılması, eləcə də beynəlxalq elmi və peşəkar əməkdaşlığın inkişafı baxımından əhəmiyyət daşıyır.