Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İclasın gündəliyi aşagıdakı kimi olmuşdur:
1. 2026/27-ci tədris ilində Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmillşdirmə İnstitutu kollektivi qarşısında duran vəzifələr.
Məruzəçi: tədris işləri üzrə prorektor dosent Təyyar Eyvazov.
2. Müxtəlif məsələlər:
2.1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən rəyə göndərilən klinik protokollar, metodik vəsait və monoqrafiya barədə.
2.2. Çapa tövsiyə olunan əlyazmalar.
2.3. Kitab sərgisi barədə.
2.4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Media və kommunikasiya şöbəsi tərəfindən aparılmış tibb müəssisələrinin rəsmi sosial media hesablarının monitorinqi barədə.
2.5. Rezidentura təhsilinin bərpası barədə.
3. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına dosent elmi adının verilməsi haqqında vəsatətin qaldırılması barədə.
İclasın əvvəlində institutun rektoru professor Nazim Pənahov davamlı tibbi təhsilin inkisafina verdiyi töhfələrə, uzunmüddətli və səmərəli fəaliyyətinə, yüksək peşəkarlığına və nümunəvi əməyinə görə institutun tibbi mikrobiologiya və epidemiologiya kafedrasının müdiri t.ü.f.d. Nigar Mütəlibovaya Səhiyyə Nazirliyinin Fəxri Fərmanını, institutun terapiya kafedrasının müdiri professor Valeh Mirzəzadəyə isə Ə.Əliyev adına ADHTİ-nin Fəxri Fərmanını təqdim etdi.
I məsələ üzrə prorektor dosent Təyyar Eyvazov çıxış edərək bildirdi ki, 2026/27-ci tədris ilində institut kollektivi qarşısında tədris prosesinin təşkili, onun müasir pedaqoji tələblərə uyğunlaşdırılması, innovativ metodların tədrisə inteqrasiyası sahələrində mühüm vəzifələr qoyulub. O, komplektləşdirmə və müdavim göstəriciləri haqqında məlumat verərək bildirdi ki, bu tədris ilində 700 kursda 11371 müdavimin təhsil alacağı planalşdırılıb. Təqvim planına 108 yeni mövzulu kurs daxil edilib. Sonra prorektor kafedralarının pedaqoji heyəti, saat hesabı və ictimai əsaslarla fəaliyyət göstərəcək işçilər,təhsil haqqı və ödənişə nəzarət,təlim zamanı tətbiq edilən testlər və müdavimlərin testləşməsinin nəticələri, sənədləşmə işləri və tədrisə nəzarət, kafedralarda pedaqoji yükün yerinə yetirilməsi haqqında Elmi Şura iştirakçılarına ətraflı məlumat verdi. Bidirildi ki, institutda tədris 27-si dövlət, 31-u özəl olmaqla 58 klinik bazada aparılır. Bu bazaların hamısı müasir tibbi avadanlıqları ilə təchiz olunmuş qabaqcıl tibb müəssisələridir. Xüsusi qeyd olundu ki, cari tədris ilində instititda 1 Dövlət proqramı, 2 Milli Fəaliyyət Planı, 4 Səhiyyə Nazirliyinin Tədbirlər Planlarına daxil olan vəzifələr üzrə işlər plana uyğun yerinə yetiriləcək. Sonda prorektor dosent Təyyar Eyvazov tədris hədəfləri barədə danışıb,tədrisin strateji inkişaf planının hazırlanması üçün aparılan işlər haqqında Elmi Şuraya məlumat verdi.
İnstitutun rektoru professor Nazim Pənahov çıxış edib bildirdi ki, qarşıda duran vəzifələri yerinə yetirmək və yüksəkixtisaslı mütəxəssislərin hazırlanması üçün bütün texniki vasitələrdən və innovasion texnologiyaların verdiyi imkanlardan maksimum yararlanaraq tam həcmdə fəaliyyətimizi davam etdirməliyik. Rektor hesabatın bir çox məqamaları üzərində dayanıb görüləcək konkret işlər barədə ətraflı danışdı.
Gündəliyin sonrakı məsələləri olan “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən rəyə göndərilən klinik protokollar, metodik vəsait və monoqrafiya” və “Capa tövsiyə olunan əlyazmalar” üzrə institutun elmi katibi dosent Natəvan İsmayılova çıxış edib həmin materialları təqdim etdikdən sonra müzakirə aparılaraq müsbət qərar qəbul edildi.
“Kitab sərgisi barədə” məsələ üzrə rektorun müşaviri t.ü.f.d. İslam Kazımlı təqdimat edərək bildirdi ki, Ə.Əliyev adına ADHTİ 21–27 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edəcək. Sərgi çərçivəsində ziyarətçilər instituta məxsus stenddə institut əməkdaşlarının elmi-tədris nəşrləri ilə tanış olacaqlar.
Gündəliyin növbəti məsələsi olan “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Media və kommunikasiya şöbəsi tərəfindən aparılmış tibb müəssisələrinin rəsmi sosial media hesablarının monitorinqinin nəticələri barədə” mövzu üzrə institutun İctimaiyyətlə əlaqələr və media şöbəsinin müdiri, dosent Akif Əfəndiyev çıxış edərək son dövrdə institutun sosial media hesablarının fəaliyyətinin aktivləşdirilməsi istiqamətində görülmüş işlər barədə məlumat verdi. Qeyd olundu ki, monitorinqin nəticələrinə əsasən, institut Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri arasında reytinq cədvəlində 4-cü yeri tutmuşdur. Bu nəticə ötən ilin göstəriciləri ilə müqayisədə müsbət dinamika və institutun sosial media fəaliyyətində əldə edilmiş irəliləyiş kimi qiymətləndirilib.
Elmi şuranın gündəliyinin digər məsələsi olan “Rezidentura təhsilinin bərpası barədə” müzakirələr getdikdən sonra sənədin təsdiq üçün Təhsil Nazirliyinə gönfərilməsi haqqında qərar qəbul edildi.
III məsələ üzrə institutun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti t.e.d. Məhəmməd Davudova və tibbi mikrobiologiya və epidemiologiya kafedrasının müdiri t.ü.f.d. Nigar Mütəlibovaya dosent elmi adının verilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına vəsatətin qaldırılması barədə müzakirə aparıldıqdan sonra müsbət qərar qəbul edildi.