Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun, Dentsply Sirona və Sietek şirkətlərinin birgə təşkilatçılığı ilə “Rəqəmsal iş axınının stomatologiyaya inteqrasiyası” mövzusunda beynəlxalq konfrans keçirilib.
Tədbirin əsas məqsədi stomatologiyada müasir rəqəmsal texnologiyaların tətbiqi, yeni iş axınlarının təqdim edilməsi və beynəlxalq təcrübənin yerli mütəxəssislərlə bölüşülməsi olub.
Konfransda Dentsply Sirona-nın beynəlxalq rəy lideri, PEERS platformasının idarə heyətinin üzvü, İtaliyanın Mantua şəhərindən olan Dr. Roberto Molinari, eləcə də Lovely Dent klinikalar şəbəkəsinin direktoru, Dentsply Sirona-nın Azərbaycan üzrə brend nümayəndəsi Dr. Xəyal Səmədov çıxış ediblər.
Çıxışlar zamanı rəqəmsal skan, müalicənin rəqəmsal planlaşdırılması, klinik iş axınının optimallaşdırılması və Dentsply Sirona-nın müasir rəqəmsal həllərinin stomatoloji praktikada tətbiqi ilə bağlı məlumatlar təqdim olunub.
Tədbir çərçivəsində Azərbaycan stomatoloqlarının beynəlxalq təcrübədən faydalanması və rəqəmsal stomatologiyanın ölkəmizdə daha geniş tətbiqinin təşviq edilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Təşkilatçılar tədbirin keçirilməsində göstərdikləri əməkdaşlığa görə rektor, professor Nazim Pənahovun rəhbərlik etdiyi Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun peşəkar kollektivinə təşəkkürlərini bildiriblər.