Davamlı tibbi təhsilin inkişafı istiqamətində yeni tərəfdaşlıq başlayır
14.09.2026
Azərbaycan səhiyyəsində davamlı tibbi təhsilin inkişafı və elmi tədbirlərin daha yüksək səviyyədə təşkili istiqamətində mühüm əməkdaşlığa başlanılıb. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub. Əməkdaşlığın əsas məqsədi institutun elmi konfrans, seminar, forum və digər təhsil tədbirlərinin peşəkar şəkildə təşkilinə dəstək göstərməkdir.
“Azena Creative Agency” tədbirlərin planlaşdırılması, kommunikasiya strategiyası, iştirakçı qeydiyyatı və texniki təminat daxil olmaqla təşkilati proseslərin koordinasiyasında iştirak edəcək. Bununla yanaşı, tədbirlərin ictimaiyyətə düzgün təqdim olunması, vizual və video materialların hazırlanması, eləcə də informasiya dəstəyinin təmin edilməsi nəzərdə tutulur.
Bu tərəfdaşlıq tibbi bilik və təcrübənin paylaşılması üçün daha sistemli, müasir və effektiv platformaların formalaşdırılmasına xidmət edəcək, ölkəmizdə davamlı tibbi təhsilin inkişafına mühüm töhfə verəcəkdir.
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri! Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.