22–25 iyun 2026-cı il tarixlərində Bakıda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisi vaksinlərə etimadın gücləndirilməsinə həsr edilmiş təlim keçirib. Təlim Azərbaycan Səhiyyə Nazirliyinə immunizasiyadan sonrakı arzuolunmaz hallar (İSAH) üzrə milli monitorinq sisteminin gücləndirilməsinə dəstək məqsədilə təşkil olunub. Təlim çərçivəsində iki günlük texniki təlim proqramı keçirilib, daha sonra isə vaksin təhlükəsizliyi üzrə monitorinq sisteminin inkişafına yönəlmiş milli institusional inkişaf planının hazırlanması məqsədilə müzakirə və planlaşdırma sessiyaları təşkil olunub.
ÜST-nin Avropa Regional Ofisinin mütəxəssisi Dr. Oleq Beneş və Estoniyanın Dərman Vasitələrinin Tənzimlənməsi Qurumunun nümayəndəsi Maia Uuskulanın iştirakı ilə keçirilən təlim və interaktiv müzakirələr zamanı iştirakçılar İSAH-ların aşkarlanması, bildirilməsi, araşdırılması, səbəb-nəticə əlaqəsinin qiymətləndirilməsi, risk və böhran kommunikasiyası sahələrində beynəlxalq təcrübə ilə tanış olub, praktik nümunələr və qrup məşğələləri vasitəsilə bilik və bacarıqlarını təkmilləşdiriblər. Təlimdə Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Analitik Ekspertiza Mərkəzi, TƏBİB, Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Azərbaycan Tibb Universiteti və digər tərəfdaş qurumların nümayəndələri iştirak ediblər.
Təlimin açılışında çıxış edən ÜST-n Azərbaycandakı Nümayəndəsi və Ölkə Ofisinin rəhbəri Dr. Hande Harmancı vaksin təhlükəsizliyi sisteminin əhəmiyyətini vurğulayıb.
Yekunda aparılmış müzakirələr, müəyyən edilmiş ehtiyaclar və təqdim olunmuş tövsiyələr əsasında Azərbaycanda İSAH üzrə monitorinq sisteminin daha da gücləndirilməsinə yönəlmiş milli institusional inkişaf planı hazırlanıb.
Ə. Əliyev adına ADHTİ-nin tibbi mikrobiologiya və epidemiologiya kafedrasının müdiri Nigar Mütəlibova və pediatriya kafedrasının dosenti Mətanət Qaraxanova təlim və sessiyalarda institutumuzu təmsil ediblər.