Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) üzv ölkələrdə səhiyyə və sosial qayğı üzrə təhsil sistemlərinin gücləndirilməsi məqsədilə Köməkçi Texnologiyaların (KT) həm ilkin təhsil, həm də davamlı peşəkar inkişaf proqramlarına inteqrasiyasına dəstək göstərir.
Bu günlərdə Azərbaycanda Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və TƏBİB-in əməkdaşlığı, ÜST-nin Avropa Regional Ofisinin Köməkçi Texnologiyalar komandası və AT Scale - Köməkçi Texnologiya üzrə Qlobal Tərəfdaşlığın texniki dəstəyi ilə 2 günlük hibrid formatlı seminar keçirildi.
Seminarın açılışında dövlət qurumlarının və ÜST Azərbaycanın nümayəndələri ölkədə köməkçi texnologiyalara artan ehtiyacı, ixtisaslı kadr potensialının vacibliyini, təşəbbüsün milli prioritetlərlə uzlaşmasını və sektorlararası əməkdaşlığın əhəmiyyətini vurğulamışlar.
2 gün ərzində keçirilən ekspert təqdimatları və interaktiv qrup işləri çərçivəsində iştirakçılar səhiyyə və sosial qayğı üzrə təlim proqramlarında KT-nin mövcudluğunu müəyyən edilməsi, 6 funksional sahə üzrə boşluqların təhlili və KT-nin təhsil və peşəkar inkişaf proqramlarına inteqrasiyası üçün ölkə üzrə fəaliyyət planının hazırlanması üzərində birgə çalışmışlar.
Tədbirdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun ailə təbabəti kafedrasının müdiri, t.e.d., dosent Eldar Hətəmzadə və həmin institutun terapiya kafedrasının dosenti, t.e.d. Samir Mehdiyev iştirak etdilər.Diskussiyalarda çıxış edən əməkdaşlarımız da qeyd etdilər ki, əhali yaşlandıqca, qeyri-infeksion xəstəliklərin artması və funksional məhdudiyyətlərin geniş yayılması fonunda, səhiyyə və sosial qayğı mütəxəssislərinin görmə, eşitmə, idrak, ünsiyyət, hərəkət və özünəqulluq sahələrində keyfiyyətli köməkçi texnologiyalara çıxışını dəstəkləmək üçün zəruri bilik və bacarıqlarla təmin olunması mühüm əhəmiyyət kəsb edir.