Ümummilli liderin 100 illiyinə həsr olunmuş ATUREK-11 konfransı keçirildi

27.04.2023

Aprelin 25-də Azərbaycan Tibb Universitetində Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ATUREK-11 - rezidentlərin elmi-təcrübi konfransı keçirildi.
Açılış mərasimində iştirakçıları salamlayan ATU-nun rektoru, professor Gəray Gəraybəyli ənənəvi olaraq hər il keçirilən ATUREK-in 11-ci konfransının xalqımızın Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunduğunu bir daha vurğuladı. Səhiyyə Nazirliyinin nümayəndəsi Təranə Əhmədova çıxışında bu cür tədbirlərin rezidentlərin həyatındakı əhəmiyyətini qeyd edərək, belə elmi-təcrübi konfransların onların elmi potensialının üzə çıxmasında böyük rol oynadığını söylədi.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru, professor Nazim Qasımov çıxış edərək dahi şəxsiyyət və uzaqgörən siyasətçi Heydər Əliyevin həyat və fəaliyyəti haqqında, onun rəhbərliyi dövründə respublikamızın keçdiyi inkişaf yolundan danışdı. O, səhiyyə sahəsinə, eləcə də tibbi kadrlara göstərilən diqqət və qayğı, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə vətəndaş cəmiyyəti, qanunun aliliyini təmin edən hüquqi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi, davamlı aparılan sosial islahatların aparılması, ölkəmizin hər yerində gedən geniş miqyaslı quruculuq işlərindən söz açdı. Rektor qeyd etdi ki, ölkəmizdə rezidentura təhsil sisteminin yaradılması ölkəmizin ali tibb sisteminin dünya tibb təhsil məkanına inteqrasiyasına, tibb təhsili keyfiyyətinin yüksək beynəlxalq standartlara uyğunlaşdırılmasına və yüksək ixtisaslı həkimlərin hazırlanmasına yönəlmişdir. Arxada qalan illər bu addımın düzgün olduğunu bir daha sübut etmişdir.
Sonra professor Nazim Qasımov qeyd etdi ki, Ə.Əliyev adına ADHTİ, rezidentura təhsili haqqında qərar verilən ilk gündən, ATU kimi bu prosesdə yaxından iştirak edir. İnstitutun maddi-texniki bazasından istifadə etməklə onların təhsilinin səviyyəsini artırmaq istiqamətində daim iş gedir. Məqsədə çatmaq üçün Ə.Əliyev adına ADHTİ-nin beynəlxalaq əlaqələrindən də istifadə edilir. Türkiyə, Avstriya, Rusiya, Belorusiya, Qazaxıstan və Özbəkistannın aparıcı tibb təhsili müəssisələri ilə institutumuz arasında bağladığımız müqavilələrdə səhiyyənin və davamlı tibb təhsilinin bir çox elmi və praktik məsələləri ilə yanaşı rezidentura təhsili də mərkəzi yerlərdən birini tutur. Bu baxımdan hər il mütəmadi olaraq institutumuzun rezidentlərinin bir sıra xarici ölkələrin nüfuzlu ali tibbi təhsil ocaqlarına rotasiya kurslarına göndərilməsi ənənəsi var. İndiyənə qədər institutun onlarla rezidenti Almaniya, Cənubi Koreya, Türkiyə, Belarusiya və Rusiyanın müxtəlif nüfuzlu tibb təhsili müəssisələrində bu kurslardan keçmişdir. Eyni zamanda onların ölkəmizin aparıcı dövlət və özəl klinikalarında da rotasiyaları təşkil edilir. Nəticədə rezidentlərimiz müasir diaqnostika və müalicə üsulları ilə yaxından tanış olurlar. İnstitutumuzda təhsilini bitirmiş rezidentlərimizin bir çoxu indi ölkəmizin aparıcı tibb müəssisələrində rəhbər vəzifələrdə çalışır, tibb kollektivlərinə rəhbərlik edirlər.
İnstitutumuzda rezidentlərimizin elmi-tədqiqat işlərinə cəlb olunmasına xüsusi fikir verilir. Rezidentlərə tibbi təhsil verməkdən əlavə potensialı olanları gələcəyin elmi işçiləri kimi hazırlamaq da qarşıda duran vəzifələrdəndir. Bu, orijinal məqalələrin yazılması, ədəbiyyat icmallarının yazılması, klinik hadisələrin müzakirəsi, elmi konfranslarda çıxışlar vasitəsilə həyata keçirilir. İnstitutumuzda hər il iki dəfə gənc alim və mütəxəssislərin elmi-praktik konfransı keçirilir və rezidentlərimiz də orada təbabətin aktual problemlərinə həsr olunmuş elmi çıxışlar edirlər.
İnstitutumuz ilə ATU arasında rezidentura təhsili sistemi istiqamətində çox sıx əlaqə vardır. Bizim rezidentlər həmişə ATUREK-in konfranslarında yaxından iştirak etmişlər və bu ildə konfransda bir neçə rezidentimiz müxtəlif mövzularda məruzə ilə çıxış edəcəklər. Ə.Əliyev adına ADHTİ-nin rektoru professor N.Qasımovdan sonra çıxış edənlər - ATU-nun Hərbi tibb fakültəsinin tədris şöbəsinin rəisi, tibb xidməti polkovniki Məharət Rzayev, Antiqua və Barbudadan olan əcnəbi rezident Drickesha Aska və ATU-nun rezidentura və magistratura şöbəsini müdiri, professor Məlahət Sultanova öz çıxışlarında Ümummilli Lider Heydər Əliyev irsindən və onun davamçısı olan Prezident İlham Əliyevin uğurlu gənclər siyasətindən danışdılar.
Rəsmi hissədən sonra konfrans panel iclaslarla öz işini davam etdirdi. Rezidentlər müxtəlif məzmunlu məruzələr və posterlərlə çıxış etdilər.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX