"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi BMT-nin Əhali Fondunun Azərbaycan ofisinin dəstəyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşlığı ilə 2021-ci ildən "Ataların antenatal qayğıya cəlb edilməsi" üzrə layihəsinin icrasına başlamışdır.
Layihə çərçivəsində işçi qrupu formalaşmış və fəaliyyət istiqamatləri müzakirə edilmişdir. Antenatal xidmətlərin əhatəliyinin yaxşılaşdırılması, uşaqlara göstərilən qayğıda ataların daha aktiv iştirakın təşviq edilməsi, hamiləlik, doğuş və doğuşdan sonrakı müddətdə ana və körpə sağlamlığının mühafizə işinin təkmilləşdirilməsi və analarla yanaşı ataların da bu məsələdə bilik və bacarıqların artırılmasına yönəlik layihənin regionlarda da həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Regionlarda fəaliyyətlərin qurulması və təlimlərin təşkili məqsədi ilə Ə.Əliyev adına ADHTİ-nun pediatriya kafedrasının dosenti Nigar Hacıyeva işçi qrupun üzvü olaraq 14-15 aprel tarixlərində Lənkaranda Perinatal Mərkəzdə, 17-18 aprel tarixlərində Göyçayda Mərkəzi Rayon Xəstəxanasında keçirilən təlimlərdə təlimçi-ekspert kimi çıxış etmişdir.Eyni zamanda qeyd edilən tibb müəssisələrində hamilə qadınlar və onların həyat yoldaşları ilə görüşərək onlara atanın uşağın qulluğuna erkən cəlb olunmasının övladın psixo-sosial və davranış bacarıqlarına faydası izah olunmuşdur.
Təlimlərə hər rayonda 70 nəfər pediatr, ginekoloq, terapevt, mama, tibb bacısıı və feldşerlər qatılmışdır.