Akademik Zərifə Əliyeva - mənəvi ucalığın zirvəsində dayanan alim

04.03.2023

Akademik Zərifə Əliyeva 28 aprel 1923-cü ildə anadan olub və bu il Azərbaycan xalqı onun 100 illik yubileyini qeyd edir.
Zərifə xanım Əliyeva Tibb institutunu bitirdikdən və Moskva şəhərində Mərkəzi Həkimləri Təkmilləşdirmə institutunda oftalmologiya üzrə ixtisaslaşma kursu keçdikdən sonra 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya institutunda elmi fəaliyyətə başlayaraq ordinatorluqdan baş elmi işçiliyə qədər yaradıcılıq yolu keçərək böyük mütəxəssis kimi formalaşmışdır.
Elmi fəaliyyətinin ilk dövründə Z.Ə.Əliyeva tərəfindən traxomanın erkən diaqnostikası, müalicəsi və profilaktikasına dair aktual elmi araşdırmalar aparılmışdır.
Z.Ə.Əliyevanın bütün elmi fəaliyyəti tibb elminin nailiyyətlərinin oftalmologiyada tətbiqinə yönəlmişdir. Bununla birgə o həmişə oftalmologiyada kliniki istiqamətin tərəfdarı olmuşdur.
Z.Ə.Əliyeva 60-cı illərdə dünya təcrübəsində birincilər sırasında görmə üzvünün peşə xəstəlikləri problemi üzrə geniş elmi axtarışlara başlamışdır. Sənaye zərərlərinin görmə orqanına toksiki təsirinin öyrənilməsinə bir sıra elmi əsərlər həsr edilsə də, kimya istehsalının müxtəlif inqrediyentlərinin görmə orqanlarına təsiri az işıqlandırılmışdır. Kimya istehsalının bəzi yeni sahələri ilə əlaqədar olan peşə xəstəlikləri xüsusilə az öyrənilmişdi. Zərifə xanım Əliyevanın elmi tədqiqatlarının əsas istiqamətlərindən biri də məhz yod və şin sənayesinin zərərli təsirlərindən gözün zədələnməsinin öyrənilməsi olmuşdur. Dünya ədəbiyyatında bu fundamental tədqiqatın analoqu yoxdur. Bu problem üzrə Z.Ə.Əliyevanın elmi tədqiqatlarının nəticələri 30-dan çox elmi işdə dərc olunmuşdur. Qeyd etmək lazımdır ki, Z.Ə.Əliyeva aparılmış elmi axtarışların nəticələrini mütəmadi olaraq tələbələri ilə təhlil edərək, onları elmi məqalə, məruzə və metodik tövsiyə formasında nəşr etdirmişdir.
Aparılmış fundamental elmi işlərin nəticələri Zərifə xanımın 1976-cı ildə Helmhols adına Elmi-Tədqiqat Göz xəstəlikləri institutunda müdafiə etdiyi «Azərbaycanda kimya sənayesinin bəzi müəssisələrində işçilərin görmə üzvünün vəziyyəti» mövzusunda doktorluq dissertasiyasının əsasını təşkil etmişdir.
Yaradıcılıq uzaqgörənliyi və həyatın nəbzini düzgün təyin etmək bacarığı Z.Ə.Əliyevaya dünya praktikasında ilk dəfə olaraq istehsalat şəraitində – Bakı məişət kondisionerləri zavodunun sexlərində elmi-tədqiqat laboratoriyasını yaratmağa imkan vermişdir.
Z.Ə.Əliyeva və onun tələbələrinin elmi fəaliyyətinin xususiyyətini əməkdaşların möhkəm nəzəri hazırlığı üzərində qurulan klinik təcrübə təşkil edirdi. Onun çoxistiqamətli elmi yaradıcılığı 12 monoqrafiya, 160-dan çox elmi iş, bir ixtira və 12 səmərələşdirici təklifdə öz əksini tapmışdır. Belə çoxşaxəli axtarışları aparmaq məhz Z.Ə.Əliyeva kimi böyük alim və klinisistə qismət ola bilərdi.
1970-1985-ci illərdə oftolmologiya sahəsində aparılan birgə yaradıcı axtarışlarda Zərifə xanım Əliyevanıın xüsusi rolunu qeyd etmək lazımdır. 1977-ci ildə Zərifə xanımın təşəbbüsü ilə keçirilən oftalmoloqların Ümumittifaq Elmi Cəmiyyətinin İdarə Heyətinin plenumu alim-oftalmoloqların formalaşması və əməkdaşlığı sahəsində mühüm rol oynadı. Bu yüksək səviyyəli forumda oftalmologiyanın aktual problemlərinin kompleks öyrənilməsi geniş müzakirə olundu.
Z.Ə.Əliyevanın əmək fəaliyyətinin böyük bir hissəsi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə bağlıdır. O əvvəl göz xəstəlikləri kafedrasının dosenti, sonra professoru və ömrünün sonuna kimi müdiri vəzifəsində çalışmış, pedaqoji işlə bərabər daha effektli elmi-tədqiqat işlərinin təşkilinə böyük enerji sərf etmişdir. Belə ki, 1974-cü ildə onun yazdığı «Gözün herpetik xəstəliyi» və «Kəskin virus könyüktivitləri» həkimlər üçün dərs vəsaiti dərc olunmuş, 1980-cı ildə «Rezin istehsalında gözün peşə xəstəliyi», «Gözün hidrodinamik sisteminin anatomo-fizioloji xarakteristikası», «Gözün və göz siniri yollarının yaşla əlaqədar dəyişiklikləri» monoqrafiyaları, 1981-ci ildə «Xroniki yod intoksikasiyası zamanı oftalmologiya» monoqrafiyası dərc olunmuşdur. 1982-ci ildə professor Z.Ə.Əliyevanın Moskva alimlərinin əməkdaşlığı ilə «İridodiaqnostikanın əsasları» və «Şəkərli diabet zamanı göz xəstəlikləri» kimi nəhəng işləri çapdan çıxmışdır. Professor Z.Ə.Əliyevanın böyük elmi-pedoqoji və kliniki təcrübəsi 1983-cü ildə «Oftalmologiyanın aktual problemləri» əsərinin nəşr olunmasına imkan verdi. Bu kitab da «Terapevtik oftalmologiya» kitabı kimi Həkimləri Təkmilləşdirmə İnstitutunun, Tibb İnstitutunun müəllimlərinin və praktik həkimlərin masaüstü kitabına çevrildi. Professor Z.Əliyeva və onun şagirdlərinin dakriologiyanın mühüm problemlərinə həsr olunmuş elmi tədqiqatları da əhəmiyyətli dərəcədə müvəffəqiyyətli olmuşdur. Bu problem üzrə 1983-cü ildə professor Z.Əliyeva və professor M.Y.Sultanov tərəfindən hazırlanmış «Gözyaşı axıtmanın fiziologiyası» və «Gözyaşı axıtmanın cərrahi müalicəsinin müasir üsulları» adlı iki monoqrafiya çapdan çıxmışdır.
Professor Z.Əliyevanın Ə.Əliyev adına ADHTİ-nin oftalmologiya kafedrasına rəhbərlik etdiyi müddətdə kafedra klinika oftalmologiyanın aktual problemlərinin həll olunması yollarının, xəstələrin müasir klinik müayinə üsullarının işlənib hazırlanması üzrə Azərbaycanın aparıcı mərkəzinə çevrilir.
1980-ci ildə professor Z.Əliyevaya elmi xidmətlərinə və elmi-pedaqoji kadrların hazırlanmasına görə «Azərbaycanın əməkdar elm xadimi» fəxri adı verilmişdir. 1981-ci ildə kimya istehsalında göz zədələnmələrinin profilaktikasının öyrənilməsi üzrə işlərinə, o cümlədən «Rezin istehsalında gözün peşə patologiyası» monoqrafiyasına görə Z.Ə.Əliyeva SSRİ Elmlər Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görüldü. Bu, professor Z.Əliyevanın elmi xidmətlərinə verilən qiymət idi. Professor Z.Ə.Əliyevanın tibb elmindəki böyük xidmətləri 1983-cü ildə onun Azərbaycan Elmlər Akademiyasına akademiki seçilməsinə səbəb oldu.
Z.Ə.Əliyevanın rəhbərlik etdiyi kafedra və klinika ilə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun kafedra və klinikalarının, həm də Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunun əməkdaşları arasında elmi yaradıcılıq əlaqələri də çox məhsuldar olmuşdur. Z.Ə.Əliyeva məktəbinin yetirmələri və davamçıları olan kafedranın və görmə üzvünün fiziologiyası və peşə patologiyası elmi-tədqiqat laboratoriyasının bütün əməkdaşları elmi yaradıcılıqlarının rəngarəngliyi ilə özlərini istedadlı həkim və alim kimi göstərmişlər. Z.Ə.Əliyeva bütün ömrü boyu tibb elminin və səhiyyənin ön sıralarında olmuşdur. O, Oftalmoloqların Ümumittifaq Elmi-Tibbi Cəmiyyətinin və Ümumittifaq «Bilik» Cəmiyyətinin İdarə Heyətinin üzvü, Sovetlər Birliyində Sülhü Müdafiə Komitəsinin üzvü və Azərbaycan Sülhü Müdafiə Komitəsinin sədr müavini olmaqla «Vestnik oftalmoloqii» jurnalının redaksiya heyətinə daxil idi.
Tarix bizə bir şəxsin simasında rəhbərlik və elmi tədqiqatçılıq istedadının, tükənməz əməksevərlik və ramedici nəzakətliliyin xoşbəxt vəhdətini birləşdirən çox az nümunələr vermişdir. Akademik Zərifə xanım Əliyeva məhz bütün bu keyfiyyətlərə malik olmuşdur. Əlçatmaz yüksəklik, müdriklik, həyatın mənasını dərk etmək məfhumu vardır. Qəhrəmanlar, böyük elm, mədəniyyət və incəsənət xadimləri əbədi nura qərq olaraq beləcə həyatdan getmişlər. Yalnız bir fikirlə, həyatın sonuna qədər akademik Zərifə xanım Əliyevanın əziz xatirəsini unutmamaqla təsəlli tapırsan. Çünki o, sənin dövrünün görkəmli alimi olmuşdur. Təsəlli tapırsan ki, taleyin qisməti ilə onunla birgə işləmək, onu tanımaq, istedadının gücü qarşısında baş əymək sənə nəsib olmuşdur. Sakitləşirsən ki, yeni nəsillər də sənin kimi onunla fəxr edəcək.

Ə.Əliyeva adına ADHTİ-nin Hematologiya kafedrasının müdiri,
Əməkdar müəllim, dosent Elmira Qədimova




Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX