2-4 fevral 2023-cü il tarixində "Heydər Əliyev İli" çərçivəsində Səhiyyə Nazirliyinin Kardiologiya İnstitutu (ETKİ) tərəfindən “KardioOnkologiya: problemə müasir baxışlar” mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.
Konfransda Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini İlqar Qasımov, Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli, həmçinin Türkiyə və Azərbaycanın tanınmış elm xadimləri, millət vəkilləri də iştirak ediblər.
400-ə yaxın həkimin iştirakı ilə keçirilən üç günlük beynəlxalq konfransda tibbdə yeni istiqamət - kardioonkologiyanın aktual elmi və praktiki məsələlərinə dair məruzələr dinlənilib, müzakirə aparılmışdır. Həmçinin konfrans çərçivəsində “Kardiak anatomiya”, “EKQ”, “EXO KQ” və “CPR” kursları da keçirilmişdir.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kardiologiya kafedrasının müdiri professor F.Ə.Quliyev və dosenti K.X. Zahidova konfransın «Kardioloji problemlər və onkologiya-yanaşma» mövzulu oturumunda sədrlik etmişlər. Professor Quliyev F.Ə. eyni zamanda «Ürək çatışmazlığının müalicəsində yeni istiqamətlər» mövzulu məruzə ilə də çıxış etmişdir.