
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Tibb Universiteti, Səhiyyə Texnologiyalarının Qiymətləndirilməsi Beynəlxalq Təşkilatının birgə əməkdaşlığı ilə 2022-ci il 19 oktyabr tarixində Bakı şəhərində səhiyyə texnologiyalarının qiymətləndirilməsi üzrə 1-ci beynəlxalq konfrans keçirildi. Konfrans “Səhiyyə texnologiyaların qiymətləndirilməsi üzrə proqram” çərçivəsində keçirilən bir tədbirdir.Həmin proqram çərçivəsində bu sahə üzrə mütəxəssislərin təlimatlandırılmasına dair fundamental təlim kursu (17-18 oktyabr tarixində baş tutmuşdur) və siyasət üzrə dialoqun aparılması kimi tədbirlər də nəzərdə tutulmuşdur.
Konfransın təşkilində əsas məqsəd ölkəmizin səhiyyə sistemini dünya təcrübəsinə əsaslanan texnologiyalarla tanış etmək və Azərbaycanda bu sahəni standartlara uyğunlaşdıraraq əhalinin keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığını artırmaq, müasir səhiyyə texnologiyalarının səhiyyə xidmətlərinə inteqrasiyasını təmin etməkdir. Konfransda Niderland, ABŞ, Türkiyə, Polşa, Ukrayna, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan olan səhiyyə texnologiyalar üzrə ekspertlər iştirak etmiş, müxtəlif panelləri idarə edərək öz təcrübələrilə paylaşmış, Azərbaycanda bu sahənin inkişafı üçün həm kadr potensialının hazırlanması həm də qiymətləndirmə prosesinin standartlara uyğun həyata keçirilməsinə dair tövsiyələr səsləndirmişlər.
Konfransda yerli səhiyyə qurumları, iştimai səhiyyə, tibb təhsili müəssisələrindən nümayəndələr iştirak etmişlər. Müxtəlif mövzulara həsr edilən panellərdə çıxış edəm həm yerli, həm də xarici mütəxəssislər ölkəmizdə bu istiqamətdə görülən işlərin əhəmiyyətini vurğulayaraq, bu sahədə bilikli və bacarıqlı mütəxəssislərdən ibarət komandanın yaradılması, bu komandanın təkmilləşməsi üçün imkanların təmin olunmasını və standartların yerli səviyyə üçün adaptasiya edilməsi kimi tövsiyələr səsləndirmişlər. Bununla yanaşı, konfransda səhiyyə texnologiyalarının səhiyyə xidmətləri ilə əlaqəsi və bölgədə inkişafı ilə bağlı əməkdaşlığı genişləndirmək istiqamətində səmərəli fikir mübadiləsi də aparılmışdır.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasının dosenti Gülüstan Babayeva, pediatriya kafedrasının dosenti Mətanət Qaraxanova, şua terapiyası kursi ilə şua diaqnostika kafedrasının dosenti Arzu Nuriyeva və mikrobiologiya və epidemiologiya kafedrasının assistenti Emin Dadaşev adı çəkilən konfransda iştirak etmişlər.