11 fevral 2022-ci il tarixində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kardiologiya kafedrası və C.Abdullayev adına ET Kardiologiya İnstitutunun birgə təşkilatçılığlı ilə «Arterial hipertenziyalara son zərbə» mövzusunda konfrans keçirilmişdir. Konfransda çıxış edən Rusiya Federasiyası İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin hospital terapiya kafedrasının müdiri akademik Y.N. Belenkovun «Arterial hipertenziyanın müalicəsinin müasir prinsipləri» mövzusunda mühazirəsi çox maraqla qarşılanmışdır. Akademik öz çıxışında müxtəlif hipotenziv dərmanların müqayisəli təhlilini aparmış, onlara olan göstərişlərin üzərində ətraflı dayanmışdır.
Sonra çıxış edən C.Abdullayev adına ET Kardiologiya İnstitutunun direktoru t.e.d. Gülnaz Dadaşova öz çıxışında ABŞ və Avropanın aparıcı ölkələrində arterial hipertenziyaların müalicəsi haqqında yazılmış kliniki protokolları müqayisə edərək hər bir protokolun xüsusiyyətlərindən danışmışdır. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kardiologiya kafedrasının müdiri professor Faiq Quliyev isə öz çıxışında qeyd etmişdir ki, xəstələr tərəfindən hipotenziv dərmanların axşam saatlarında qəbulu ilə səhər saatlarında qəbulu arasında müqayisə apardıqda arterial hipertenziyalardan ölüm sayının azalması təsbit edilir.
Konfransda Ə.Əliyev adına ADHTİ-nun kardiolgiya kafedrasının əməkdaşları ilə yanaşı kafedrada kurs keçən müdavimlər və C.Abdullayev adına ET Kardiologiya İnstitutunun əməkdaşları fəal iştirak etmişlər.