Azərbaycan Pediatriya Cəmiyyətinin 1-ci Milli Konqresi keçirildi

25.12.2022

Son illər Azərbaycanda əhaliyə keyfiyyətli tibbi yardım göstərilməsini təmin etmək məqsədilə praktik tibbi fəaliyyətlə məşğul olan həkimlərin davamlı tibbi təhsil prosesini tənzimləyici tədbirlər geniş şəkildə həyata keçirilir. Ölkədə müxtəlif yerli və beynəlxalq cəmiyyətlər tərəfindən təlim, seminar və konfranslar təşkil edilir.
22-24 dekabr 2022-ci il tarixində Bakıda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta, TƏBİB-in dəstəyilə Azərbaycan Pediatriya Cəmiyyətinin 1-ci Milli Konqresi keçirilmişdir. Konqresdə Türkiyədən, Rusiyadan dəvət olunmuş professorlarla yanaşı ölkəmizin pediatriya üzrə tanınmış mütəxəssisləri də çıxış etmişlər. Açılış mərasimində Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini İlqar Qasımov Respublikamızda pediatrik xidmətin keyfiyyətinin yaxşılaşdırılması, bu sahədə çalışan tibb işçilərinin peşə biliklərinin artırılması, onların beynəlxalq standartlara uyğun mütəxəssislər olması istiqamətində aparılan işlər barədə çıxış etmiş, bu tədbirlərin həyata keçirilməsində Prezident İlham Əliyevin Sərəncamları ilə təsdiq olunmuş “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” və “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2022-ci illər üçün Dövlət Proqramı”nın əhəmiyyətli rol oynaması barəsində danışmışdır.
Daha sonra mərasimdə Azərbaycan Pediatriya Cəmiyyətinin sədri, Səhiyyə Nazirliyinin pediatriya sahəsi üzrə mütəxəssis-eksperti Erkin Rəhimov, Azərbaycan Tibb Universitetinin prorektoru t.e.d. Rauf Bəylərov, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun prorektoru dosent Təyyar Eyvazov, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı Direktorunun müavini Araz Nəsirov, Beynəlxalq Pediatriya Assosiasiyasının sədri professor Enver Hasanoğlu, Türk Pediatrik Kurumunun sədri professor Haluk Çokuğraş, Türk Neonatoloji Dərnəyinin sədri professor Esin Koç, PUADER Dərnəyinin sədri professor Bumin Dündar çıxış etdilər.
Konqresin 1-ci günü həkimlərə bilik və bacarıqlarını təkmilləşdirmək imkanı verən pediatriyanın müxtəlif problemlərinə həsr olunan 7 kurs keçirildi.
Konqresin 2-ci və 3-cü günlərində keçirilən panellərdə isə beynəlxalq və yerli mütəxəssislər tərəfindən pediatriyaya dair müxtəlif mövzularda geniş təqdimatlar baş tutmuşdur. Azərbaycan Pediatriya Cəmiyyətinin sədri, Ə.Əliyev adına ADHTİ-nin pediatriya kafedrasının assistenti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin pediatriya sahəsi üzrə mütəxəssis-eksperti Erkin Rəhimov konqresin qastroenterologiya panelinə həsr edilən 7-ci plenar sessiyasında "Biliar traktın funksional problemlərinə yanaşma" və 9-cu sessiyasında "Azərbaycanda iqlimin dəyişməsi və uşaqlara təsiri" məruzələri ilə çıxış etdi. 1-ci plenar sessiyanın simpoziumunda Ə.Əliyev adına ADHTİ-nin pediatriya kafedrasının dosenti Nigar Hacıyeva "Uşaqlarda funksional qəbizlik" mövzusunda məruzə etdi.
Konqresin işində Ə.Əliyev adına ADHTİ-nin pediatriya kafedrasının müdiri professor Rəqsanə Məmmədova, dosentlər Zemfira Quliyeva, Fəxrəddin Qarayev, Mətanət Qaraxanova, Sənubər Vəliyeva və Təranə İbadova yaxından iştirak etmişlər.
Konqresdə Azərbaycanın müxtəlif şəhərlərindən 400-dən çox pediatr və neonatoloq iştirak etmişdir.




Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX