Çin Xalq Respublikasının Ciangsu əyalətinin Vuşi şəhərində yerləşən Ciangsu Parazitar Xəstəliklər İnstitutunda Çinin Kommersiya Nazirliyinin maliyyə dəstəyi ilə 2019-cu ilin dekabr ayında “İnkişaf etməkdə olan ölkələr üçün infeksion xəstəliklərin profilaktikası və nəzarəti” mövzusunda seminar təşkil edilmişdir.Seminarda dünyanın 19 ölkəsindən 60 nəfər iştirak etmişdir. Ölkəmizi seminarda Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun mikrobiologiya və epidemiologiya kafedrasının assistenti Emin Dadaşov təmsil etmişdir.
Seminar şistosomoz, HİV infeksiyası, vərəm və malyariya ilə əlaqəli epidemioloji vəziyyət, epidemiyalar zamanı aparılan müasir əks-epidemik tədbirlər və hazırda infeksion xəstəliklərin profilaktikası üçün görülən nəzarət tədbirləri kimi mövzuları əhatə edirdi. Bunlarla yanaşı Çin əhalisinin, xüsusən də uşaqların müxtəlif xəstəliklərdən qorunması üçün aparılan peyvəndləmə işi və Çin Xalq Respublikasının səhiyyə sisteminin strukturu və təşkili prinsipləri haqqında məlumatlar da verilmişdir.
Seminar iştirakçıları həmçinin Çinin qədim və müasir tarixi, mədəniyyəti və müxtəlif sahələrdə həyata keçirilən dövlət layihələri haqqında da məlumatlandırılmışlar.
Sonda qiymətləndirmə keçirdikdən sonra iştirakçılara müvafiq sertifikatlar verilmişdir.