Bu günlərdə Özbəkistan Respublikasının Səmərqənd şəhərində “VI Congress of Otorhinolaryngologists of Uzbekistan – Achievements of Otorhinolaryngology in the Era of New Uzbekistan” adlı beynəlxalq elmi-praktik konqresi keçirilmişdir. Tədbir çərçivəsində paralel olaraq “2nd Asia Otorhinolaryngology, Head and Neck Surgery Summit”i də baş tutmuşdur. Konqresin təşkilatçıları Özbəkistan Respublikası Səhiyyə Nazirliyi, Mərkəzi və Qərbi Asiya QBB BBC Cəmiyyәti, Otorinolarinqologiya və Baş-Boyun Xəstəlikləri üzrə Respublika Elmi-Praktik Mərkəzi, həmçinin Özbəkistan Otorinolarinqoloqlar Cəmiyyəti idilər. Konqresdə Türkiyə, Azərbaycan, Rusiya, Koreya Respublikası, Çin, Qazaxıstan və digər Orta Asiya ölkələrindən 1000-ə yaxın mütəxəssis iştirak etmiş, elmi mühazirələr, panel müzakirələr və yeni texnologiyaların təqdimatları həyata keçirilmişlər.
Azərbaycanı bu mötəbər elmi tədbirdə təmsil edən nümayəndə heyətinə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşalrı da daxil idilər. İnstitutun otorinolarinqologiya kafedrasının müdiri professor Nazim Hüseynov və həmin kafedranın dosenti Məzahir Quliyev konqresin işində aktiv iştirak etmişlər. Onlar tərəfindən təqdim olunan “Revizion rinoplastika əməliyyatlarında yeni yanaşmalar” adlı məruzə konqres iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır. Müəlliflərin əldə etdikləri kliniki nəticələr əməliyyatlardan sonra sağalma dövrünün qısaldığını və burun quruluşunun sabitliyinin yüksəldiyini göstərmişdir. Eyni zamanda professor N.Hüseynov panelin moderatoru da olmuşdur.
Konqres çərçivəsində keçirilən elmi müzakirələr zamanı Azərbaycan nümayəndə heyəti müxtəlif ölkələrin aparıcı mütəxəssisləri ilə təcrübə mübadiləsi aparmış, gələcək birgə layihələr və tədris-elmi əməkdaşlıq imkanları haqqında razılıqlar əldə etmişdir. Bu iştirak bir daha sübut etdi ki, Azərbaycan otorinolarinqoloqları beynəlxalq miqyasda nüfuzlu tərəfdaş kimi tanınır və dünya otorinolarinqologiya həyatinda aktiv rol oynayır.