28 aprel 2022-ci il görkəmli oftalmoloq akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümüdür

28.04.2022

Görkəmli alim akademik Zərifə xanım Əliyevanın anadan olmasından 99 il keçir. Ən yüksək keyfiyyətlər - səmimilik, alicənablıq, qayğıkeşlik, birinci növbədə özünə, daha sonra ətrafdakılara qarşı tələbkarlıq, sözü ilə işinin birliyi, xalqına və Vətəninə sönməz məhəbbət Zərifə xanım Əliyevaya xas cəhətlər idi. Zərifə xanım istedadlı və gözəl bir ailədə-görkəmli dövlət xadimi, Azərbaycanın böyük səhiyyə təşkilatçısı Əziz Məmmədkərim oğlu Əliyevin ailəsində anadan olmuşdur. Bu böyük insanın əksər xüsusiyyətləri qızı Zərifə xanıma da xas idi.
Zərifə Əziz qızı Əliyeva 1947-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirdikdən sonra Moskva şəhərində Helmhols adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda oftalmologiya üzrə ixtisaslaşma kursu keçmiş, öz əmək fəaliyyətinə 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda ordinator vəzifəsindən başlamışdır.
Keçən əsrin 40-50-ci illərində Azərbaycanın bir çox cənub rayonlarının əhalisi arasında traxoma xəstəliyi geniş yayılmışdı. Z.Ə.Əliyeva traxomaya qarşı aparılan bütün işlərdə fəal iştirak etmişdir. O, dəfələrlə ona həvalə edilmiş Əlibayramlı rayonunun bir sıra kəndlərinə getmiş və burada çətinliklərə baxmayaraq, traxomaya qarşı nəzərdə tutulmuş tədbirlər kompleksini inadla həyata keçirmişdir. Zəngin materialın ümumiləşdirilməsi və təhlili 1959-cu ildə Z.Ə.Əliyevanın «Traxomanın sintomisin ilə və ona uyğunlaşdırılmış digər terapevtik üsullarla müalicəsi» namizədlik dissertasiyasının müdafiəsi ilə nəticələnmişdir.
Z.Ə.Əliyeva 60-cı illərdə dünya təcrübəsində birincilər sırasında görmə üzvünün peşə xəstəlikləri problemi üzrə geniş elmi axtarışlara başlamışdır. O vaxtlar sənaye zərərlərinin görmə orqanına toksik təsirinin öyrənilməsinə bir sıra elmi əsərlər həsr edilsə də, kimya istehsalının müxtəlif inqrediyentlərinin görmə orqanlarına təsiri az işıqlandırılmışdır. Kimya istehsalının bəzi yeni sahələri ilə əlaqədar olan peşə xəstəlikləri xüsusilə az öyrənilmişdi. Kimyəvi maddələrin uzun müddətli kompleks təsiri nəticəsində orqanlarda distrofik, proliferativ proseslər əmələ gəlir. Bir çox inkişaf etmiş ölkələrdə şin və yod istehsalı yüksək səviyyədə olsa da, bu sahələrdə istehsal tullantılarının görmə orqanına toksik təsirinin öyrənilməsinə aid müfəssəl işlər yox idi. Zərifə xanım Əliyevanın elmi tədqiqatlarının əsas istiqamətlərindən biri də məhz yod və şin sənayesinin zərərli təsirlərindən gözün zədələnməsinin öyrənilməsi olmuşdur. Dünya ədəbiyyatında bu fundamental tədqiqatın analoqu yoxdur. Bü problem yzrə Z.Ə.Əliyevanın elmi tədqiqatlarının nəticələri haqda dərc olunmuş 30-dan çox elmi işdə tetraxloretilen, pestisid, stirol buxarlarının orqanizmə xroniki təsiri zamanı görmə üzvünün və onun funksiyalarının vəziyyəti əks etdirilir. Məhz bu dövrdən başlayaraq Zərifə xanımın elmi axtarışlarının əsas mövzusu Azərbaycanın kimya sənayesinin bəzi sahələrində çalışan fəhlələrin görmə orqanının vəziyyətini tədqiq etmək olmuşdur. Bu tədqiqatlar zərərlərin patogen təsirinin biokimyəvi mexanizminin bir çox tərəflərini aydınlaşdırmağa imkan vermişdir və 1976-cı ildə Z.Ə.Əliyeva «Azərbaycanda kimya sənayesinin bəzi müəssisələrində işçilərin görmə üzvünün vəziyyəti» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1979-cu ildə keçmiş İttifaqda ilk dəfə olaraq akademik Zərifə xanım Əliyevanın şəxsi təşəbbüsü və iştirakı ilə istehsalatla elmin vəhdəti olan Bakı məişət kondisionerləri zavodunda Respublika Elmlər Akademiyasının A.İ.Qarayev adına Fiziologiya institutun peşə patologiyası üzrə problem laboratoriyası yaradılmışdır. Z.Ə.Əliyeva uzun illər ona rəhbərlik etmişdir. Burada müxtəlif kimyəvi maddələrin və istehsalat tullantılarının görmə üzvünə xroniki təsirinin mexanizmləri öyrənilmiş, bu təsirə qarşı profilaktik tədbirlərin həyata keçirilməsi ilə əlaqədar böyük müvəffəqiyyətlər qazanılmışdır.
Z.Ə.Əliyeva və onun tələbələrinin elmi fəaliyyətinin xüsusiyyətini əməkdaşların möhkəm nəzəri hazırlığı üzərində qurulan klinik təcrübə təşkil edirdi. Onun çox istiqamətli elmi yaradıcılığı 12 monoqrafiya, 150-yə yaxın elmi iş, bir ixtira və 12 səmərələşdirici təklifdə öz əksini tapır. Belə çoxşaxəli axtarışları aparmaq məhz Z.Ə.Əliyeva kimi böyük alim və klinisistə qismət ola bilər. Məsələ yalnız göz xəstəliklərinin müxtəlif bölmələrini əhatə edən elmi işlərdən deyil, problemin həllinə xüsusi yanaşmadan ibarətdir. Bu xüsusiyyət Zərifə xanımın aktiv surətdə inkişaf etdirdiyi yaradıcılıq birliyini əks etdirən faktlarda sübutunu tapır. Mübaliğəsiz demək olar ki, 1970-1985-ci illərdə oftolmologiya sahəsində aparılan birgə yaradıcı axtarışların əsası Z.Əliyeva tərəfindən qoyulmuşdur. Buna 2-ci Moskva Tibb Institutunun göz xəstəlikləri kafedrasının müdiri, Rusiya Tibb Elmləri Akademiyasının akademiki, professor A.P.Nesterov, Rusiya Diplomdansonrakı Təhsil Akademiyasının oftalmologiya kafedrasının müdiri professor L.K.Moşetova, Rusiya iridoloqlar assosiasiyasının vitse-prezidenti, Rusiyanın əməkdar elm xadimi, professor N.B.Şulpina və digər alim-oftalmoloqlarla yaradılan elmi əlaqələr canlı sübutdur. Z.Ə.Əliyevanın elmi fəaliyyətinin uzun dövrü Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə institutunun oftalmologiya kafedrası ilə bağlı olmuşdur. Bu institut ömrünün son illərində həmin kollektivə rəhbərlik etmiş mərhum professor Əziz Məmmədkərim oğlu Əliyevin – Zərifə xanımın atasının adını daşıyır. Həmin dövrdə Zərifə Əziz qızı göz xəstəlikləri üzrə ixtisaslaşma və təkmilləşdirmə kurslarının həkim-dinləyiciləri ilə pedaqoji iş aparmaqla yanaşı həkimlik fəaliyyəti ilə də məşğul idi. Bu vaxtlar yaradılmış gözün peşə patologiyasına həsr olunmuş “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası şəraitində gözün patologiyası”, “Yod istehsalında gözün peşə xəstəliklərinin profilaktikası”, “Görmə üzvünün peşə xəstəlikləri” adlı monoqrafiyalarına və digər əsərlərinə görə o, dünyanın ən görkəmli alimləri arasında layiqli yer tutmuşdur.
1980-ci ildə professor Z.Əliyevaya elmi xidmətlərinə və elmi-pedaqoji kadrların hazırlanmasına görə «Azərbaycanın əməkdar elm xadimi» fəxri adı verilmişdir. 1981-ci ildə kimya istehsalında göz zədələnmələrinin profilaktikasının öyrənilməsi üzrə işlərinə, o cümlədən «Rezin istehsalında gözün peşə patologiyası» monoqrafiyasına görə Z.Əliyeva SSRİ Elmlər Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. Bu, professor Z.Əliyevanın elmi xidmətlərinə verilən qiymət idi.
Görmə üzvünün peşə patalogiyası problemləri ilə yanaşı Z.Ə.Əliyeva oftalmologiyanın digər aktual istiqamətlərində də tədqiqatlar aparırdı. Bu tədqiqatların nəticəsində “Gözün və görmə siniri yolunun yaşla əlaqədar dəyişiklikləri”, “Gözün hidrodinamik sisteminin anatomik və fizioloji xüsusiyyətləri”, “İridodiaqnostika”, “Şəkərli diabet zamanı gözün patologiyası”, “Oftalmologiyanın aktual problemləri”, “Terapevtik oftalmologiya” və başqa monoqrafiyalar çap edilmişdir.
1982-ci ildə Z.Ə.Əliyeva Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə institutunun göz xəstəlikləri kafedrasının müdiri vəzifəsinə seçildi. Burada o, bir sıra yüksəkixtisaslı elmi kadrları hazırlamışdır. Kafedra müdiri kimi Z.Ə.Əliyevanın praktik həkimlik işini xüsusi qeyd etmək lazımdır. Onun iştirakı ilə keçən klinik araşdırmalar, xəstələrin yoxlamaları və konsiliumlar gənc həkimlərin təkmilləşdirilməsində əhəmiyyəti rol oynamışdır.
Z.Ə.Əliyeva bütün ömrü boyu tibb elminin və səhiyyənin ön sıralarında olmuşdur. O, keçmiş İttifaqın Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsinin sədr müavini, “Bilik” Ümumittifaq cəmiyyətinin idarə heyətinin üzvü, Ümumittifaq Oftalmoloqlar Cəmiyyətinin rəyasət heyətinin üzvü, “Вестник офтальмологии” jurnalının redaksiya heyətinin üzvü olmuşdur.
Z.Ə.Əliyevanın əvəzsiz xidmətlərinin etirafı kimi 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi, orden və medallarla təltif edilməsi olmuşdur. 2001-ci ildən Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutu akademik Z.Ə.Əliyevanın adını daşıyır. Görkəmli dövlət xadimi, böyük siyasətçi Heydər Əliyevin sədaqətli ömür-gün yoldaşı olan Zərifə xanım bacarıqlı ailə başçısının qüdrətli dövlət başçısı kimi mənsub olduğu xalqı işıqlı ideallara qovuşdurmaq yollarındakı qətiyyətli mübarizəsinə etibarlı dayaq olmuşdur. Oğlu İlham Əliyevin parlaq, işıqlı Vətən övladı kimi tərbiyə olunmasında da cəmiyyətşunaz göz həkiminin, ziyalı Azərbaycan qadınının əvəzsiz rolu minnətdarlıqla qeyd olunmalıdır.
Ə.Əliyev adına ADHTİ-nun professor-müəllim heyəti minnətdarlıq hissi ilə Z.Ə.Əliyevanı yad edir, onun xatirəsi qarşısında baş əyir. O, öz yaradıcılıq enerjisi ilə instituta hərarət vermiş və sonrakı inkişafını müəyyən etmişdir.
28 aprel 2022-ci ildə keçirilmiş Ə.Əliyev adına ADHTİ-nun Elmi Şurasının iclasında akademik Zərifə xanım Əliyevanın xatirəsi yad edildi. Zərifə xanımın 99-cu ildönümü haqqında çıxış edən institutun rektoru professor Nazim Qasımov bir daha qeyd etdi ki, görkəmli alim, həkim, əziz və unudulmaz Zərifə xanım Əliyevanın xatirəsi qəlbimizdə daim yaşayır və yaşayacaqdır.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX